Qalib Gəncliyimizin III Zəfər Kuboku yekunlaşıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, İsmayıllı İntellektual Oyunlar Klubunun birgə təşkilatçılığı və AzGranata-nın dəstəyi ilə keçirilən “Qalib Gəncliyimizin III Zəfər Kuboku” layihəsinə yekun vurulub. 

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman oğullarımızın xatirəsi bir dəqiqlik sükutla yad edilib. Daha sonra İsmayıllı İntellektual Oyunlar Klubunun sədri və layihə rəhbəri Azad Manaflı layihənin məqsədi, seçim turları və s. haqqında öz təəssüratlarını bölüşüb. İsmayıllı İntellektual Oyunlar Klubunun keçmiş və gələcək fəaliyyətləri ilə bağlı ətraflı məlumat verib. Region gənclərini təşkilatın növbəti layihələrində də görməyin xoş olacağını dilə gətirib.

Daha sonra isə Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov strukturunda dəyişiklik olan Gənclər və İdman İdarələrinin gənclərin təşəbbüslərini dəstəkləməyə hazır olduqlarını bildirib. Region gənclərinin inkişafı üçün xüsusi planların olduğunu açıqlayaraq iştirakçılara zehin açıqlığı diləyib.

Sonra sözü alan Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov hər zaman gəncləri düşünən, onlara qapı açan region gənclər evlərindən biri də Mingəçevir Gənclər Evi olduğunu bildirib. Öz aktiv fəaliyyəti ilə seçilən Mingəçevir Gənclər Evinin yaxınlığdakı region gənclərinin də burada yaradılmış imkanlardan da istədikləri vaxt rahatlıqla istifadə edə biləcəkləri haqda məlumat verib. Gənclər Paytaxtında keçirilən bu layihəyə uğurlar arzulayıb.

AzGranata MMC-nin əməkdaşı Ülvi Günəşli də layihənin gənclər üçün önəmindən danışıb və regionda intellektin inkişafına dəstək göstərməkdə maraqlı olduqlarını bildirib. Onlar həmçinin təkcə intellekt sahəsində deyil, region gənclərini əhatə edən digər müxtəlif layihələrdə də çalışmaq istədiklərini dilə gətirib.

Gənclərdə hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, onların vətənə olan sevgisini artırmaq, şanlı zəfərimizlə bağlı biliklərini daha da artırmaq məqsədilə keçirilən oyunda 10 region mübarizə aparırıb.

16 komandanın iştirakı ilə keçirilən oyunda gənclər üçün zəfər tarixi, Heydər Əliyev və onun Azərbaycançılıq siyasəti, Azərbaycanın görkəmli şəxsləri və ümumi dünya görüşünü əhatə edən mövzular ətrafında hazırlanmış 45 sual səsləndirilib. Həyəcan dolu və olduqca gərgin mübarizə şəraitində keçən oyunun sonunda Gəncə şəhərini təmsil edən “Aqro Team” komandası birinci yerin qalibi, Mingəçevir şəhərini təmsil edən “Che” komandası ikinci yerin və Goranboy rayonunun “Aqro Meister” komandası üçüncü yerin sahibi olub. Qaliblər kubok, medal və dəyərli hədiyyələrlə mükafatlandırılıb. Qaliblərə həmçinin AzGranata MMC tərəfindən də xüsusi hədiyyələr təqdim edilib.

Oxşar Xəbərlər