Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Türkiyədə rəsmi səfərdədir.
QİA.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkmənistan Prezidenti Ankarada rəsmi mərasimlə qarşılanıb.
Təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşlərdən sonra Ərdoğan və Berdiməhəmmədov, eləcə də aidiyyəti dövlət qurumlarının rəhbərləri tərəfindən iki ölkə arasında enerji, nəqliyyat, ticarət, iqlim dəyişikliyi, insan resursları, idman, təhsil və arxiv kimi sahələri əhatə edən 13 müqavilə imzalanıb.
Daha sonra liderlər birgə mətbuat konfransı keçiriblər.
Konfransda çıxış edən Türkiyə Prezidenti bildirib ki, ortaq dil, din və mədəniyyətə sahib iki ölkə arasında mədəni münasibətlər qarşılıqlı hörmət, əməkdaşlıq və ortaq maraqlar əsasında hər gün daha da güclənərək inkişaf edir.
Öz növbəsində Türkiyə Respublikasının qurulmasının 100-cü ildönümü münasibətilə təbriklərini çatdıran Türkmənistan Prezidenti Türkiyə tərəfi ilə qarşılıqlı dostluq və qardaşlıq münasibətləri çərçivəsində çox əhəmiyyətli görüşlər keçirdiklərini bildirib.
Görüş zamanı iki ölkə arasında müxtəlif əməkdaşlıq sahələri, eləcə də bölgədə və dünyada baş verən hadisələr barədə fikir mübadiləsi apardıqlarını deyən Prezident Berdiməhəmmədov Türkmənistan təbii qazının və elektrik enerjisinin Xəzər dənizi vasitəsilə Türkiyəyə nəqli, həmçinin iki ölkə arasında ticarət sahəsinin inkişafı məsələlərinin müzakirə olunduğunu deyib.
Qeyd edək ki, bu, Sərdar Berdiməhəmmədovun Türkmənistan Prezidenti kimi Türkiyəyə ilk rəsmi səfəridir.