“İstənilən üzv dövlət Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaq hüququna malikdir”. Bu cümlə KTMT Nizamnaməsinin 19-cu maddəsində quruma daxil olan dövlətlərə tanınan hüquqdur.
Nizamnaməyə əsasən, KTMT-ni tərk etmək istəyən ölkə öz öhdəliklərini həll etdikdən sonra qurumdan çıxacağı tarixdən altı ay əvvəl rəsmi bildiriş göndərməlidir.
Ermənistandan verilən rəsmi açıqlamaların fasadını analiz etsək, belə qənaət yaranır ki, İrəvan hərbi blokdan ayrılmaq niyyətini artıq aşkar bir üsulla prioritetləşdirir. Amma İrəvan hələlik qeyd olunan rəsmi prosedurlara başlamayıb.
Bunu iki versiya ilə əsaslandırmaq olar.
1. Ermənistan üzdə görünənin əksinə olaraq, KTMT-ni tərk etmək istəmir, amma əvəzində prosesi Rusiyaya qarşı şantaj vasitəsi kimi yönləndirməyə çalışır;
2. Ermənistan təşkilat çərçivəsindəki öhdəliklərini yerinə yetirə bilməyəcəyini hiss edir, çünki onun üzərinə Rusiya tərəfdən faktiki olaraq daha ağır məsuliyyət yüklənə bilər.
Amma indiki yekuna baxmaq lazımdır. Ermənistan səbəblərdən asılı olmayaraq faktiki şəkildə KTMT-ni boykot qərarını seçib, Minskdə təşkilat tərəfindən keçirilən sammitdə bütün səviyyələrdə iştirakdan qaçmaq bunun nümunəsidir.
Faktiki vəziyyət İrəvanın hərbi blokun bir hissəsi olmaqdan məmnunluğunu şübhə altına aldığını aydın göstərir.
Əvəzində Ermənistan zənn etdiyi üstün bir platforma axtarır. Buna görə də İrəvan Rusiyanın çətiri altında olan blokdan uzaqlaşmaq səylərini Qərblə daha sıx əməkdaşlığa qapı açmaqla birləşdirir.
Məsələnin bu səviyyəsi Rusiya ilə Ermənistanın qırılma nöqtəsinə yaxınlaşmasını şərtləndirir.
Buna cavab olaraq rəsmi Moskva özünün Ermənistana hiddətinə eyham vuran bəyanatları gündəmə gətirir.
Çünki Ermənistanın postsovet tarixinin çox hissəsi üçün müdafiə və təhlükəsizlik sahəsində bir tərəfdaşı olub – o da Rusiya.
Ancaq regional reallıqlarla əlaqədar Rusiyanın da vektoru dəyişir və Moskva regionda Azərbaycan və Türkiyə ilə əməkdaşlığın daha sərfəli bir model olduğunu başa düşür.
Lakin bu, o anlam vermir ki, Rusiya Ermənistanın hər şıltaqlıqlarına dözüb ona hər istədiyini etməyə izin verəcək. Bu cümlənin mənalandırılmasını qeyd edək: yəni Rusiya Ermənistanın alternativ təhlükəsizlik tərəfdaşını Qərbdə axtarmaq siyasətinı hansısa bir formada cavablandıracaq.
Rusiyanın cavablarının sərtliyi üçün iki mühüm incəlik var. Onlardan biri Ermənistanın Rusiyadan dərin iqtisadi asılılığıdır.
İkincisi isə Rusiyanın Ermənistanın təhlükəsizlik sistemindəki yeri və Gümrüdə 102-ci bazanın mövcudluğudur.
Beləliklə, Ermənistanın təhlükəsizlik sahəsində əməkdaşlıq üçün başqa yerlər axtarmağa həvəslənməsi Rusiyanın sinirlərinə toxunur.
Çünki Ermənistan bu səylərini Rusiyaya qarşı Qərbin qurduğu müqavimət oxunun bir hissəsinə çevirir, bunun hələlik ibtidai forması iki şəkillə görünür.
Birincisi, Ermənistan Avropa İttifaqının missiyasını ABŞ və Fransanın xeyir-duası ilə öz ərazilərinə yerləşdirib.
İkincisi, Ermənistan Fransa ilə müdafiə sahəsində əməkdaşlığını yeni silahlanma ilə nəticələndirir.
Mən inanmıram ki, Rusiya sırf NATO-nun bir üzvü olan Fransanın Ermənistanla hərbi əməkdaşlığından hiddətlənir. Moskvanı qıcıqlandıran Ermənistanın Rusiyaya qarşı genişspektrli oyunudur.
Rusiya başa düşür ki, Ermənistanın Fransa ilə təhlükəsizlik sahəsindəki əməkdaşlığı iki səbəbə görə seçilir:
– Fransanın siyasi rəhbərliyi Ermənistana rəğbət bəsləyir və bunu Azərbaycana qarşı hərəkat vəziyyətinə gətirmək niyyətini nümayiş etdirir.
– Fransa silah bazarında, demək olar ki, bütün növ silahları istehsal edən azsaylı oyunçulardan biridir (bu fikir hərbi analitik Leonid Nersisyana aiddir).
Rusiyanı həyəcanlandıran amil Ermənistanın Fransa ilə əməkdaşlığını kollektiv Qərbin maraqları formatında layihələndirmək cəhdidir.
Lakin Fransa regionda NATO-nun maraqları ilə deyil, özünün neomüstəmləkəçi ambisiyaları ilə hərəkət trayektoriyasını seçir. Bu nöqtədə Fransa kollektiv Qərbin maraqlarındansa sırf özünün mövqeyini Cənubi Qafqazın reallıqlarında Azərbaycana qarşı pərçim etməyə həvəslənir. Yəni o fikir mütləq mənada doğru versiya sayılmır ki, regionda ABŞ ilə Fransa eyni məntiq ipi üzərində birgə oynayırlar.
Bütün bunların əhatəsində Ermənistanın KTMT-dəki iştirakını hüquqi şəkildə necə donduracağı və bunun nəticələri suallar yaradır.
Rusiya Ermənistanın NATO ölkələrindən silah tədarükünü, Qərbin maraqlarını ifadə edən xəttin idxalını Moskvanın regiondakı müdafiə sektoruna qarşı çıxış imkanları kimi interpretasiya edəcək.
Belə qiymətləndirmələr Rusiyadan səslənən şifahi hücumların praktiki müstəviyə keçmə sərhədlərini müəyyənləşdirəcək.
Aqşin Kərimov