Pentaqon hesab edir ki, bir gün əvvəl Ədən körfəzində “Central Park” tankerini ələ keçirməyə yəmənli üsyançılar deyil, Somali quldurları cəhd edib.
“Biz vəziyyəti təhlil etməyə davam edirik, lakin ilkin məlumatlara görə, hücum edənlərdən beşinin somalili olduğu ortaya çıxıb… Aydındır ki, bu hadisə piratçılıqla bağlı olub”, – deyə qərb mediası ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Pet Rayderdən sitat gətirib.
Həmçinin qeyd olunur ki, ABŞ hərbçiləri “USS Mason” esminesi ilə hücum edənləri saxladıqdan sonra Yəməndə üsyançıların nəzarətində olan ərazidən ABŞ gəmisi və tankerinə doğru iki ballistik raket buraxılıb. Onlar heç bir zərər vermədən dənizə düşüblər.
Eyni zamanda, Pentaqon Somali dəniz quldurlarının hücumu ilə yəmənlilərin hərəkətlərinin hansısa şəkildə bağlı olması ehtimalını rədd etmir.
Daha əvvəl isə bildirilmişdi ki, qaçırma zamanı “Central Park” tankeri qəza siqnalı göndərib və buna ABŞ-nin “USS Mason” esminesi cavab verib. Gəminin ekipajı təhlükəsiz kupeyə sığınıb. Ekipaj üzvlərini tapa bilməyən işğalçılar qaçıblar, lakin Yaponiya Hərbi Dəniz Qüvvələrinin esminesinin dəstəyi ilə ABŞ esminesi tərəfindən tutulublar.
Qeyd edək ki, “Central Park”ın ekipajı Rusiya, Vyetnam, Bolqarıstan, Hindistan, Gürcüstan və Filippin vətəndaşları olmaqla ümumilikdə 22 nəfərdən ibarətdir.
Onu da əlavə edək ki, tanker israilli iş adamı Eyal Oferə məxsus “Zodiac Group”un bir hissəsi olan “Zodiac Maritime” şirkəti tərəfindən idarə olunur.
Mənbə: Associated Press
16:12
Yəmən sahillərində “Central Park” tankerinə hücum edən dəniz quldurları ABŞ ordusu tərəfindən saxlanılıb və sorğu-sual ediliblər.
Məlumata görə, ekipajdan xəsarət alan yoxdur, gəmidəki yüklərə ziyan dəyməyib.
Qeyd edək ki, bir gün əvvəl İsraillə əlaqəli olan “Central Park” neft tankeri Yəmən yaxınlığında ələ keçirildi barədə məlumat yayılıb. Gəminin “Zodiac Maritime” şirkətinə məxsus olduğu vurğulanıb.
Mənbə: RT.ru