Bu gün dünyanın müxtəlif regionlarında vaxtilə dondurulmuş münaqişə və gərginlik ocaqları yenidən alovlanır. Böyük güclər öz məqsədlərini təmin etmək üçün ya bilərəkdən bu toqquşmalara təkan verir, ya da dərhal hərəkətə keçərək katalizator rolunu oynamağa cəhd edirlər.
Yayların gərildiyi belə yerlərdən biri də Balkan yarımadasındadır. Belə ki, buranın iki böyük dövləti – Türkiyə və Yunanıstan – keçən əsrin sonlarından etibarən Egey dənizinin su sahəsindəki suverenlik və onun üzərindəki hava məkanı uğrunda mübarizə aparır. Bu vəziyyət tərəflər arasında siyasi və iqtisadi böhrana səbəb olub.
Bununla belə, hələ 1988-ci ildən – baş nazirlər Andreas Papandreu və Turqut Özal tərəfindən başladılan və “Davos prosesi” adlandırılan yaxınlaşma cəhdləri bu gün də davam edir.
Münasibətlərin əhəmiyyətli dərəcədə istiləşməsinə təkan 1999-cu ilin ikinci yarısında yaranan zəlzələ diplomatiyası oldu. Hər iki ölkənin güclü zəlzələdən əziyyət çəkməsi münasibətlərin yaxşılaşdırılmasına kömək etdi.
2001-11-ci illərdə Yunanıstanın Türkiyəyə illik ixracatı təxminən 10 dəfə atdı. Məbləğ 266 milyon dollardan 2,569 milyard dollara qədər böyüdü. Xarici işlər naziri, daha sonra Yunanıstanın baş naziri olan Georgios Papandreu ilə Türkiyənin xarici işlər naziri İsmayıl Cem və sonra Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla aparılan danışıqlar nəticəsində əlaqələrin yaxşılaşdırılmasında ciddi irəliləyiş əldə edildi. Bu, Yunanıstan hökumətinin Türkiyənin Avropa perspektivinə dəstək siyasətinin nəticəsində baş verdi. Bununla birlikdə 2005-ci ildə aparılan sorğular yunanların yalnız 25%-nin Türkiyənin Avropa Birliyinə qoşulmasına dəstək verdiyini göstərdi.

