“Gürcüstan Azərbaycanla ənənəvi və strateji dostluq əlaqələrini yüksək qiymətləndirir. Əminliklə deyə bilərəm ki, bu əlaqələr iki ölkənin maraqları və ehtiyaclarına uyğun olaraq inkişaf edəcək”.
QİA.az “Report”un yerli bürosuna istinadla xəbər verir ki, bunu Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya dekabrın 8-də Tbilisidə ulu öndər Heydər Əliyev haqda çəkilən “Dostluğun siması” adlı filmin təqdimatı zamanı deyib.
Onun sözlərinə görə, Tbilisi və Bakı arasında olan əlaqələr dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanır:
“Heydər Əliyev Gürcüstanın ən böyük dostu və dəstəkçisi idi. Gürcüstan və Azərbaycan arasında olan əlaqələr dostluq və qonşuluq ənənələrinə əsaslanır. Heydər Əliyevin sayəsində Gürcüstan və Azərbaycan arasında qarşılıqlı əlaqələr və dostluq münasibətləri formalaşdı. Prezident İlham Əliyevindövründə isə ələqələrimiz strateji əməkdaşlıq səviyyəsinə qalxıb”.
Nazir müavini bildirib ki, Gürcüstanın sabiq Prezidenti Eduard Şevarnadze və Heydər Əliyevin təşəbbüsü ilə başladılan layihələr nəinki Gürcüstan və Azərbaycan, ümumilikdə regionun iqtisadi inkişafı üçün olduqca vacib idi:
“Qarşımızda duran əsas tapşırıq bütün bu ənənələri qoruyub saxlamaq və gələcək nəsillərə ötürməkdir. Bu il Gürcüstanda Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı silsilə tədbirlər keçirildi. Heydər Əliyev Tbilisidə olan zaman Gürcüstan əhalisinə müraciət edərək səsləndirdiyi fikirləri təkrarlamaq istəyirəm:
“Azərbaycan və gürcü xalqlarının bəxti onda gətirib ki, onların birlikdə qonşu dövlətlər kimi yaşamaq imkanı var”.