Ad ilə tale arasındakı qeyri-adi bənzərlik, eyniləşmə, bir-birini tamamlamaq təsadüfmü, zərurətmi, demək çətindir. Haqqında söhbət açacağım Nigar xanım da elə sevilən dastanımızın igid, cəsur xanımı – Koroğlunun Nigarı kimi öz sevgisi naminə ellər aşırıb diyarbədiyar dolaşan qəhrəman bir xanımdır. Amma yox, Koroğlunun rəna dilbərindən fərqli olaraq el-oba ilə yanaşı, həm də ata-ana xeyir-duası ilə çıxıb bu yola. Onun Koroğlusu – müqəddəs həkimlik peşəsinin kamillik zirvəsinə çatmaq ideallarına qovuşmaq arzusu da çox güclü idi. Mənim qəhrəmanımın da damarlarında Nigar kimi əsl azərbaycanlı qanı axırdı. O, Azərbaycandan kənarda ilk namizədlik disertasiyası müdafiə edənlərdən biri, Naxçıvan ali təhsilinin məhək daşı olan, həyatını erməni vandalızmini, terrorizmini, onlarin türk xalqlarına qarşı soyqırım siyasətinini ifşa etməyə həsr etmiş Əli Əliyevin, Naxçıvan ictimai həyatında böyük nüfuz qazanmış Müslüm Məmmədovun irsindən idi. Çoxlarının sevimli Rəşid müəllimi olan atasından öyünc almışdı. “Naxçıvan suitası” təqdimatı ilə hər kəsdə yurd sevgisini coşduran bir ananın – Naxçıvan səhnəsinin ilk qadın dirijoru, xormeyster, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, professor Səidə Məmmədovanın milli mədəniyyətimizə sonsuz sevgisi ilə yanaşı, həm də dirijor çubuğu ilə böyük bir orkestri, xoru “ram edəcək” sərt qətiyyəti, əzmi keçmişdi təbiətinə. “Dirijor Səidə Məmmədovadır!” elanı ilə nəinki ifaçıların, tamaşaçııların belə ruhuna, hissinə, davranışına hakim kəsilə bilən bir qadının qeyrət qanı axırdı damalarında. Səidə xanım əvvəl tərəddüd etsə də “Bu yolu özün seçmisən, amma, qızım, kimliyini, əslini-kökünü unutma!” öyüdü ilə yola salmışdı onu.
“Vağzalı” sədası ilə başlayan yolçuluq – doğma elin hərarətindən qürbət “sazağı”na
1976-cı ildə Naxçıvanda dünyaya göz açan Həsənəliyeva Nigar Rəşid qızı ilə – tale yolları Araz sahilindən okeanın o tayına – uzaq Amerikaya aparan bu nəcib xanım ilə onlayn söhbətimiz bu ovqatla başladı: – Deyirlər “Niyyətin hara, mənzilin də ora. Məni “Vağzalı” sədası ilə birbaşa Amerikaya yola salıblar (gülümsəyir). Vaxtilə ömür-gün yoldaşım Orxan Həsənəliyevə “Hə” deyəndə necə ağır, məsuliyyətli bir yola çıxacağımı, elim-günüm, doğmalarım olmadan öz ayaqlarım üzərində durmalı olacağımı, mənim üçün tamamilə yad bir mühitin qucağına atılacağımı əslində göz önünə almışdım. Tale seçimim – Orxan ziyalı ailədəndir, Naxşıvan şəhərində doğulub boya-başa çatıb. Atası Nadir müəllimin, anası Gülnaz xanımın verdiyi təlim-tərbiyənin nəticəsi idi ki, Türkiyədə Bilkent Universitetini, İqtisadiyyat ixtisasi üzrə magistratura təhsil pilləsini ingilis dilində uğurla başa vurmuşdu. Sonra Amerikanın Ayova (Iowa) ştatındakı lowa Universitetinə İqtisadiyyat ixtisası üzrə doktoranturaya qəbul olmuşdu, elmi karyerada irəli getməkdə qətiyyətli idi. Buna görə də onunla birgə Amerikada yaşamalı, təhsil və ailə həyatında ona mənəvi dəstək olmalı, qürbət elin tənhalığında bu yolu bütün çətinlikləri ilə birgə qət etməli idik. Beləcə, ailə qurmağımızdan çox keçməmiş – 2002-ci ilin yanvar ayında Amerikanın Iowa ştatına gəldik. Təsəsvvür edə bilməssiniz ki, bu, isti ata ocağından, “ana qucağından” yenicə ayrılan, hələ ailə mühitini özlüyündə formalaşdıra bilməyən bir gənc xanım üçün necə çətin idi. Doğma elin hərarətindən doymağa macal tapmamış qürbətin “sazağı”na düşmək nə demək idi. Amma qərarımz qəti idi, təsəllimiz isə o idi ki, qanımızda, genimizdə daşıdığımız “Azərbaycan” odunu-közünü qoruyaraq, hərarətinə qızınaraq, Vətəni ürəklərimizdə, gözlərimizdə yaşadaraq çatacaqdıq arzularımıza, hədəflərimizə. Bu yolda bütün çətinliklərə sinə gərəcəyimizi üz-üzə, göz-gözə söz vermişdik bir-birimizə. Yolumuzda yanan ümid çırağımız isə 2004-cü ildə dünyaya gələn övladımız Kənan oldu. Nigar xatırlayır ki, ən çətin günlərində valideynəri onlara mənəvi dayaq olub: “Anam həmişə çalışar ki, övlad nisgilini birüzə verməsin, bununla bizi də sarsıtmasın. Lakin bir dəfə… Yenə də bütün hisslərimin sınağa çəkildiyi anlar idi… Anamla görüntülü danışıb hər guşəsində uşaqlığımın əziz xatirəsi gizlənən evimizi də doyunca seyr etdim. Sonra ondan səsi ilə böyüdüyümüz fortepianoda öz müşayiəti ilə mənə bəstələdiyi “Nigarım” mahnısını ifa etməsini rica etmişdim. Mənim hisslərimdən duyuq düşmüşdü, sona qədər ifa edə bilmədi. əlləri titrədi. “Məni bu yaşımda intizar, nigaran qoyan Nigarım!” – deyə gözləri doldu
Qürbətdən qürbətə…
Danışdıqca həyəcanlanan Nigarın çöhrəsindən aydınca sezilirdi ki, qürbət ölkədə yeni bir həyata başlamaq heç də asan olmayıb. Amma sən demə qürbətdən qürbətə yol almaq da var imiş talelərində: “Yoldaşım Orxan doktoranturanı bitirdikdən sonra Şimali Karolina Ştatına köçdük. Burada o Karolina Universitetinin iqtisadiyyat üzrə professoru elmi adını aldı. Mən isə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakultəsinin məzunu kimi Şimali Karolina Universitetində İctimai səhiyyə üzrə magistratura təhsili almağa başladım. Ailə, körpə uşaq, dil çətinliklərinə rəğmən necə deyərlər, gecəmi gündüz edib təhsilimi uğurla başa vurdum. Sonra Durham şəhərində Duke Universitetinin xəstəxanasında Gastroenterologiya və Hepatologiya şöbəsində işləməyə başladım. Eyni zamanda oğlumuzu yaşadığı cəmiyyətə uyğun, lakin həm də milli dəyərlərimiz üzərində, soy-kökümüz zəminində böyütməli idim. Kənan Şimali Karolina ştatında məktəbə getməyə başladı. Burada bizim kimi işləyən valideynlər üçün məktəbli uşaq böyütmək asan məsələ deyil. Uşağı mənəvi, psixoloji cəhətdən sağlam şəraitdə böyütmək bizim üçün çox önəmli idi.
“Oğlumuzun yanında olmaq – ancaq azərbaycanlılara məxsus övlad sevgisindən irəli gələn bu istək bütün çətinliklərə sinə gərməyimizə dəstək oldu”
Sanki xəyalən keçmişi yenidən yaşayan Nigar o günləri belə xayırlayır: “Çalışırdıq ki, övladımız Azərbaycan mədəniyyəti və ənənələri ilə böyüsün. Bir valideyn kimi bacardığımız qədər əlimizdən gələni edirdik. Vaxt tapdıqca onunla Azərbaycan haqqında, tariximizlə bağlı söhbətlər edir, nağıl, dastan qəhrəmanlarımızı tanıtmağa, xalq mahnılarımızı, milli musiqilərimizi sevdirməyə çalışır, tez-tez Azərbaycan kinolarına birgə tamaşa edirdik. Oğlum bu gün də milli mətbəximizdən olan plov, dolma yeməklərini, paxlava, şəkərbura kimi şirniyyatları çox sevir. Kənan yaxşı oxuyur, olimpiadalarda iştirak edir, uğurlar qazanırdı. O orta məktəbdə oxuyan zaman Şimali Karolina Universitetinin doktorantları ilə bir yerdə riyaziyyat və fizika dərsləri alırdı.12 illik proqramı 10 ilə başa vuraraq məktəbi 2 il tez bitirdi. Ən böyük arzusu Kaliforniya Ştatındakı Stanford Universitetində təhsil almaq idi və arzusuna çatdı. Bir valideyn kimi onunla çox fəxr etdik. Amma, Kaliforniya Ştatının uzaqlığı və oğlumuzun yaşının az olması bizi çox narahat edirdi. Qərara gəldik ki, onunla birlikdə Kaliforniyaya köçək. Təbii ki, bu heç də asan məsələ deyildi. Hər ikimiz işimizi, karyeramızı, evimizi orada qoyub yeni bir həyata başlayacaqdıq. Amma oğlumuzun yanında olmaq bizim üçün hər şeydən önəmlı idi. Yəqin ki, bu da ancaq azərbaycanlılara məxsus övlad sevgisindən irəli gəlirdi. 2021-ci ildə Kaliforniya ştatının San-Fransisko şəhərinə köçdük. Oğlum burada universitet həyatına qədəm qoydu. Yoldaşım Orxan hazırda Santa Clara Universitetinin iqtisadiyyat üzrə professorudur. Mən isə Santa Clara Districktindəki ictimai sağlamlıq şöbəsində çalışıram.
Qrübətdə Vətən sevgisi…
“Bilirsiz, əslində hər şeyə nail olmuşuq. Ancaq qəribçilik ən ağır həsrətdir… Vətən həsrəti… Bu illər ərzində Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimiz olub”,-deyə söhbətinə davam edir Nigar: – Olduğumuz yerlərdə haradasa bir azərbaycanlı ilə rastlaşsaq, elə bilmişik ən əziz, ən dogma adamımımızla görüşmüşük, itiyimizi tapmışıq, nə bilim ey, lap özümüz Vətənə qayıtmışıq. Hər il 20 Yanvar, Xocalı faciələrinın qurbanlarıni yad etmək məqsədilə yığışırıq. Novruz bayramını, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edərkən çalışıb hərə milli geyimdə gəlir bu tədbirlərə. öz əllərimizlə hazırladığımız milli mətəx nümunələrimizdən ibarət zəngin süfrə açırıq, milli rəqslərimizi ifa edir, xalq mahnılarımızı dinləyirik. Şimali Karolina Ştatında yaşadığımız zaman Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirliyinin 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəilə təşkil etdiyi möhtəşəm tədbir xüsusilə yaddaqalan oldu. Bu bayramlara artıq üç ildir Zəfər Günü də daxil olub. Vətəndən uzaqda olsaq da, xalqımızın, ölkəmizin bədxahları ilə qarşılaşanda dişimiz bağırsağımızı kəsib, onlara haqq sözümüzü sona qədər isbat etməyə çalışmışıq. Bir dəfə Xocalı faciəsi günlərində Orxanın bu hadisə ilə əlaqədar Koliforniyada yaşayan əsilli-köklü bir erməni ilə sözü əməlli-başlı çəp gəlmişdi. Düz bir həftə səksəkə içində yaşadıq. Bəzən torpaqlarımızı qoruya bilmədiyimizi eyhamla, rişxəndlə eşitdirir, bəzən isə Qarabağın Ermənistan torpağı olması ilə bağlı ağ yalanı utanmadan bizə sırımağa çalışırdılar. Düzü, çox ağır gəlirdi adama. Acı təəssüf, utanc hissi keçirirdik. 2020-ci ildə Vətən müharibəsi boyu çalışıb nəfəs qırpmadan ölkəmizin mediasını izləyirdik. Hər qələbə sevinci bilirsiz, dünyanın o başında sanki dünyanı verirdi bizə. Eyni zamanda orada, həmvətənlərimizin arasında bu sevinci yaşamağı arzu edirdik. Prezidentin hər müsahibəsini, müraciətini ətrafdakı azərbaycanlı dostlarımızla birgə müzakirə edir, sevincimizi bölüşürdük. Şuşa alınanda ilk olaraq valideynlərimizlə zəngləşdik, sevinc göz yaşlarımızdan danışa bilmirdik. Bu yaxınlarda Prezidentimiz İlham Əliyevin Xankəndi səfərini izləyəndə “Böyük Ermənistan” xəritəsi olan kitabı görərkən “Bunların xəstəliyi bax budur. Dırnaqarası “böyük Ermənistan”. Onları bədbəxt edən budur.” deməsi mənə Əli babamın (tarix elmləri namizədi Əli Əliyev) erməni şovinizmi, vandalizmi ilə açıq mübarizə aparan tarixi tədqiqatlarını xatırlatdı. Nəinki bir azərbaycanlı, bir həkim olaraq qeyri-ixtiyari söyləndim: “İlahi, bu ermənilər nə qədər xəstə psixlogiyaya, xəstə təfəkkürə malik rəzil, bədbəxt millətdir”. Ən böyük arzumuz necə olursa-olsun Azərbaycana gəlib Şuşaya getməkdir. Cənab Prezidentimiz İlham Əliyevin başçılığı ilə əldə etdiyimiz qələbədən, 30 il düşmən tapdağı altında inləyən torpağlarımızı nəhayət azad etməyimizdən buarada hər dəfə özümüz qürurla söz salırıq, heyranlıq, həsəd hissi ilə qarşılaşmağımız bizə bir daxili güc, inam verir. Bundan böyük fəxarət ola bilərmi? Özümüzü arxa-dayaqlı hiss edirik. Bilirik ki, bizə qahmar çıxacaq güclü dövlətimiz var. Söz Vətəndən düşdükdə, söhbətimizə Nigarın ömür-gün yoldaşı, Santa Clara Universitetinin professoru Orxan Həsənəliyev də məmnuniyyətlə qoşuldu. Həmyerlilərini salamlayan Orxan müəllim dedi ki, Azərbaycanın müasir iqtisadi inkişaf strategiyası mahiyyəti öyrəniləsi dərin bir fəlsəfədir: “İnanırsınız, buradakı həmkarlarım, bəzi beynəlxalq mütxəssislər Azərbaycanın qələbəsindən sonra tez-tez səsləndirirdilər ki, müharibə sözsüz ki, Azərbaycan iqtisadiyyatını çökdürüb, ölkənin iqtisadi dirçəlişi üçün çox uzun zaman tələb olunacaq. Amma indi, Qarabağdakı bu dirçəliçi, quruculuğu, iqtisadi inkişafı heyranlıqla müşahidə edirlər. Səbəblərini axtaranlara isə qısaca belə cavab verirəm: Vətən sevgisi. Naxçıvanın da mərhələ-mərhələ iqtisadi yüksəlişinə əminəm, bunun üçün zəngin potensial, buna nail olacaq siyasət var”. Tezliklə Naxçıvanda görüşmək istəyimi bildirəndə çöhrəsi tutuldu, səsi titrədi: “Naxçıvanı tez-tez yuxuda görürəm. Məhəlləmizi, atamın əlimizdən tutub Əcəmi seyrəngahına aparıb Mömünə xatın türbəsi ətrafında gəzdirməyini… Qızlar bulağının səsi, oradan süzülən nur damcısı kimi dumduru sudan içməyimiz, uşaq şəhərciyi deyilən yerdə doyunca əylənməyimiz, Ordubadın tarixi yerləri, Əylisin diş göynədən bulaqları bu gün də xəyalımdadır. Novruz bayramı günlərində evlərdən gələn bayram aşının, bir də bayram tonqallarının havanı bürüyən ətri gəlir burnuma. Özümə yer tapa bilmirəm həmin günlərdə. Beş il bundan əvvəl Naxçıvana gəlmişdik. İnanın, tanıya bilmədik. Lap nağıllardakı kimi dəyişib. əl-ələ verib uşaqlıq xatirələrimiz yaşayan dogma şəhərimizi məhəllə-məhəllə dolaşdıq. Bir yerdə vaxtilə təhsil aldığımız Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbinə gəldik, bizə elmin yollarında çıraq oan o qayğısız məktəb illərimizi, əziz müəllimlərimizi xatırladıq. Naxçıvanla bağlı yenilikləri tez-tez izləyirik. Orxanla bu barədə tez-tez söhbətimiz olur. Bugunku inkişaf, yeniləşmə, dünyaya açılma sevindirir bizi. Naxçıvanın başqa ölkələrə enerji satmaq imkanlarından söz düşəndə, hər ikimizin qaranlıqda puç olub gedən yeniyetməlik çağlarına heyfi gəlir. İnanırıq ki, buranın gələcəyi daha yaxşı olacaq. Ölkə başçımızın diqqətindədir, Zəngəzur dəhlizinin açılması buranın inkişafına geniş imkanlar açacaq. Naxçıvanın sabahına ümidimiz çoxdur”. Bu zərif qəlbli, kövrək, eyni zamanda cəsur xanımın söhbətindən bir daha yəqin etdim ki, Vətəndə olmamaq vətənpərvər olmamaq deyil heç də. Tale vətənpərvərlik hisslərini təkcə Vətən uğrunda ölüm-dirim savaşında yox, Vətəndən ayrı düşəndə mənəviyyatla da sınağa çəkir. Bu mübarizədə milli heysiyyətini, mənsubiyyətini qoruya bilirsənsə, Vətəni ürəyində, ruhunda yaşada bilirsənsə, Vətəni təmsil etməyi, Vətənə layiq olmağı, lazm gələrsə uğrunda mübarizə aparmağı bacarısansa o zaman ürəkdolusu deməyə haqqın çatır: “Mən azərbaycanlıyam!”
Mehriban SULTAN
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, filologiya üzrə fəlsəfə doktoru