Bir çox jurnalistlər xəbər dalınca qaçarkən maraqlı həyat hekayələrini axtarmağı unudurlar”.
QİA.az “Report”-a istinadla xəbər verir ki, bu barədə Media.az informasiya portalının baş redaktoru Cəmilə Ələkbərova Report Media Məktəbinin tələbələri ilə görüşündə deyib.
“Ezamiyyətlər zamanı həmişə sadə insanlar arasında maraqlı həmsöhbət axtarıram. Oxucu üçün adi insanın həyat hekayəsi, onların problemləri, keçirtdiyi hisslər maraqlıdır”, – o bildirib.
C.Ələkbərova jurnalistika sahəsindəki təcrübəsini də bölüşüb.
“Mən Beynəlxalq münasibətlər fakültəsinə daxil ola bilmədim və jurnalistikaya gəlişim öz istəyimlə olmadı, lakin hazırda heç peşman deyiləm. Peşəmə çox bağlıyam. Yaxşı jurnalist olmaq üçün işini sevməlisən. Bəzən bu sahə insanı tükədir, çünki nə rahat bayramın olur, nə də istirahətin. Xəbər səni istənilən yerdə yaxalaya bilər və onu operativ şəkildə çatdırmalısan”, – deyə baş redaktor qeyd edib.
C.Ələkbərova onu da vurğulayıb ki, jurnalist prinsipləri insanlığa zidd olmamalıdır:
“Jurnalist işinin peşəkarı olmaqla yanaşı, həm də yaxşı insan olmalıdır. Özünə qarşı dürüst olmaq, nə özünü, nə də başqalarını pis vəziyyətdə qoymamaq vacibdir. Həmsöhbətində rəğbət yaratmağı, onun etimadını qazanmağı bacarmalısan. Bunun üçün müsahibəyə hazırlıqlı getmək, qarşı tərəf barədə məlumat toplamaq və mütləq onu dinləmək lazımdır, çünki sual çox vaxt cavabdan yaranır”.
Qeyd edək ki, Cəmilə Ələkbərova 2012-ci ildə Bakı Slavyan Universitetinin Jurnalistika və Azərbaycan filologiyası fakültəsini fərqlənmə ilə bitirib. 2018-ci ilə qədər “Exo” qəzetində jurnalist, baş müxbir və siyasi şərhçi kimi çalışıb. 2018-ci ildə Media.az-da jurnalist kimi fəaliyyətə başlayıb. 2021-ci ildən bu günədək həmin saytın baş redaktoru vəzifəsində çalışır.
2020-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.