31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) birgə təşkilatçılığı ilə 14 fərqli ölkədə təhsil alan və məzun olmuş azərbaycanlı gənclərlə onlayn şəbəkələşmə görüşü keçirilib.
İlk öncə ASAP-ın icraçı direktoru Sevda Mansurova görüşün keçirilmə məqsədi, eləcə də ASAP-ın 2023-cü il ərzində baş tutmuş irimiqyaslı forumları, həyata keçirdiyi digər fəaliyyətlər barədə məlumat verib. Daha sonra AMOR-un sədri Ceyhun Hüseynov AMOR-un missiyasından, il ərzində keçirilən tədbirlərdən danışıb.
Görüş zamanı iştirakçılar interaktiv fəaliyyətlər vasitəsilə bir-birlərini yaxından tanımaq, öz təcrübələrini bölüşmək imkanı əldə ediblər.
Həmçinin, xaricdə təhsil alan azərbaycanlı tələbələr təhsil aldıqları dövrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gənclər siyasəti nəticəsində dövlətimizin onlara göstərdiyi dəstəkdən bəhs edərək, həmvətənlərimiz arasında olan birlik və həmrəyliyin gücünü, ölkə başçısına olan etimad və dəstəklərini vurğulayıblar.
Əlavə olaraq, görüş zamanı iştirakçılar tərəfindən müzakirə olunan mövzular arasında milli dəyərlərin və azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği, fəal vətəndaşlar olaraq gənclərin üzərinə düşən öhdəliklər, müxtəlif ölkələrdə azərbaycanlı gənclərdən ibarət şəbəkələrin qurulma mexanizmləri də önəmli yer tutub.