Cənubi Koreyada hakim “Xalqın gücü” partiyasından olan millət vəkili Bae Hyun-cinə daşla edilən hücumun görüntüləri ortaya çıxıb.
Millət vəkilinin başına 15 zərbə endirən şəxsin psixoloji problemlərinin olduğu məlum olub.
Təhlükəsizlik kamerasına əks olunan görüntülərdə hücum edən şəxs əvvəl binaya giriş qapısında millət vəkili ilə nəsə danışır, sonra gözlənilmədən əlindəki daşla zərbələr endirməyə başlayır. Qadının yıxılmağına məhəl qoymadan onu vurmağa davam edir. Sonunda hücum edən şəxs ətrafdakıların müdaxiləsi ilə uzaqlaşdırılır.
Hücumdan qısa müddət sonra saxlanılan şəxs verdiyi ifadədə 15 yaşında olduğunu və hadisənin “təsadüfən” baş verdiyini iddia edib. O, depressiyada olduğunu və xəstəxanaya yerləşdirilmək istədiyini bildirib. Həmçinin üzərində həmişə daş gəzdirdiyini və bunun bir vərdiş halına gəldiyini də qeyd edib. Onu tanıyanlar daha əvvəl xəstəxanada bipolyar pozğunluqdan müalicə aldığını deyiblər.
Polisdən verilən məlumata görə, hücum edən gənc 18 yaşından kiçik olduğu və psixoloji pozuntusu olduğu üçün təcili xəstəxanaya yerləşdirilib. Xəstəxanada müalicə prosesi tamamlandıqdan sonra yenidən ifadəsi alınacaq.
Eyni zamanda millət vəkili Bae Hyun-cinin komandası da hadisə ilə bağlı açıqlama verib. Bildirilib ki, hücum edən şəxs qadına yaxınlaşaraq “Siz millət vəkili Bae Hyun-cinsiniz?” deyə soruşub, sonra isə yumruq boyda daşla başının arxasına zərbə vurub.
Qan içində xəstəxanaya aparılan millət vəkilinin müalicəsi davam edir və həyatı üçün təhlükə yoxdur.