Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib.
Bildirilib ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, hələ də səhhətində ciddi problemlər olduğunu bildiyi halda sükan arxasına əyləşən sürücülərə rast gəlinir:
“Cari ilin yanvar ayında Xaçmaz rayon sakini Xəqani Əhmədov səhhətində yaranan problem səbəbindən avtomobilin sükanı arxasında həyatını itirib, hərəkətdə olan nəqliyyat vasitəsi isə yol kənarındakı maneəyə dəyərək dayanıb. Ötən gün Goran qəsəbəsi ərazisində daha bir analoji yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu dəfə Bərdə rayon sakini Çingiz Kazımov sürücülük hüququ olmayan tanışına məxsus avtomobili idarə edərkən səhhətində yaranan problem səbəbindən həyatını itirib, avtomobil isə yolun kənarında dayanan digər avtomobillə toqquşub. Hər iki hadisədə həyatlarını itirən sürücülərin ürək çatışmazlığından əziyyət çəkdikləri bildirilir”.
“BDYPİ sadalanan faktların sayının artmaması üçün bir daha səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək onlardan yaşanmış acı təcrübədən düzgün nəticə çıxarmağı, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağı xahiş edir”, – məlumatda qeyd olunub.