İrəvan Moskvadan uzaqlaşaraq Kremlin düşmənlərinə doğru inamlı yol tutub. KTMT və Aİİ müttəfiqləri Kazanda “mini sammit” təşkil edərkən, Ermənistanın baş naziri Nikol Paşinyan Parisə işgüzar səfərə gedib və orada Moskvaya qarşı bir sıra sərt bəyanatlar verib.Eyni zamanda İrəvanda Rusiya sərhədçilərinin paytaxtın Zvartnots hava limanından çıxarılması barədə danışmağa başlayıblar. Politoloqlar əmindirlər ki, işlər Ukrayna ssenarisinin təkrarına və Cənubi Qafqazda genişmiqyaslı müharibəyə doğru gedə bilər.
Moskva və İrəvan münasibətləri barədə NEWS.ru material dərc edib.
Məqalədə bildirilir ki, dəfələrlə Rusiya əleyhinə bəyanatlar verən Ermənistan parlamentinin spikeri Alen Simonyan bu dəfə Rusiya sərhədçilərinin İrəvanın Zvartnots hava limanında fəaliyyətini dayandırmalı olduqlarını bildirib.
Simonyanın fikrincə, Ermənistanın təhlükəsizliyini “istənilən üsullarla” təmin etmək və “hər şeyi bir səbətə qoymamaq” lazımdır, çünki siyasətçinin dediyi kimi, İrəvan bunu artıq bir dəfə edib və vəziyyətin heç bir müsbət nəticə verməyəcəyinə əmin olub. O, Rusiya hərbçilərinin Ermənistanın sərhədlərini qoruyacağına şübhə etdiyini bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Simonyanın bəyanatını “rəsmi İrəvanın nümayəndəsinin qeyri-dost davranışının növbəti nümunəsi kimi” qiymətləndirib.Materialda Rusiya hərbi bazasının Gümrüdən çıxarılmasının mümkünlüyünə də toxunulub. Bildirilib ki, məsələ ilə bağlı müzakirələr ikinci Qarabağ müharibəsindən sonra başlayıb. Hərçənd, 102-ci Rusiya bazası müqaviləyə əsasən, 2044-cü ilə qədər Ermənistanda qalmalıdır, buna baxmayaraq İrəvan Rusiya Silahlı Qüvvələrinə qarşı qeyri-dost addımlar atmağa qadirdir.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin ehtiyatda olan general-mayoru Aleksandr Mixaylov NEWS.ru ilə söhbətində bəyan edib ki, hazırda Qafqazda “xırda siyasi təlatümlər var və bunu erməni siyasətçiləri, eləcə də xarici maraqlar stimullaşdırır”. Ekspert Rusiya ilə sərhəddə Ermənistanın növbəti gərginlik mənbəyi yaratmağa çalışdıqlarına əminliyini ifadə edib.Ermənistanın KTMT-də iştirakını dondurmasına gəlincə, Moskvada Paşinyanın açıqlamaları çaşqınlıq yaradıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya liderinin Ermənistanın KTMT-yə üzvlüyü məsələsində Paşinyanla heç bir təması olmayıb. “Ancaq işgüzar əlaqələr çərçivəsində, əlbəttə ki, biz erməni dostlarımızdan onların nə demək istədiklərini və vəziyyətin necə olduğunu öyrənmək istəyirik. Ona görə də, biz İrəvanla dialoqumuzu davam etdirəcəyik”, – Peskov qeyd edib.
İrəvan – Moskva ziddiyyətləri fonunda Ukrayna Prezidenti Volodimir Zelenskinin Ermənistana mümkün səfəri münasibətləri daha da gərginləşdirib.
“Əgər Zelenski Ermənistana səfər etmək qərarına gəlsə, onu İrəvanda qəbul edəcəklər. Zelenskinin səfəri zamanı Rusiyanın reaksiyası bizi maraqlandırmır”, – deyə ölkənin keçmiş müdafiə nazirinin müavini Qurgen Melkonyan bildirib.
“Ermənistan” fraksiyasının deputatı Argenaz Manukyan isə deyib ki, Ukrayna Prezidentinin İrəvana səfəri açıq-aşkar anti-Rusiya addımıdır və “Rusiyaya qarşı ikinci cəbhə açır”
.“Xarici qüvvələr Ermənistanın hesabına Rusiyaya qarşı ikinci cəbhə açmaq üçün Zelenskinin Ermənistana səfərini təşkil etməyə çalışırlar. Nikol Paşinyana bu tamaşada erməni Zelenskisi və ya Saakaşvilisi rolu verilir. Paşinyan şəxsi hesablamalarına və maraqlarına əsaslanaraq Rusiya ilə Qərbin, Qərblə İranın qarşıdurmasında Ermənistanı alver obyektinə çevirib. Zelenskinin səfəri baş tutsa, bu, Ermənistana qarşı təxribat olacaq və Ermənistan-Rusiya münasibətləri üçün geri dönüş nöqtəsinə çevriləcək”, – Manukyan bildirib.