Bakının Yasamal rayonunda “Köhnə ətçilər” deyilən ərazi var. Bura paytaxtın ən ucuz kababxanalarının məkanı kimi tanınır. Əgər əksər qida obyektlərində kababın bir şişinə 5-8 manat verilirsə, buradakı, əsasən, məcburi köçkünlərə məxsus olan kafelərdə bu qiymət 4-5 manat civarındadır.
Vizual antisanitariya şəraiti buraya kabab yemək üçün axışanların iştahasına təsir göstərmir.
Ötən gün axşam saatlarından başlayaraq Yasamal Rayon İcra Hakimiyyəti və digər əlaqədar qurumların əməkdaşları əraziyə gəlib, orada fəaliyyət göstərən kafe-kababxanaları sökməyə başlayıblar.
Məsələ ilə bağlı “Köhnə ətçilər” kimi tanınan əraziyə, Məhəmməd Xiyabani küçəsinə baş çəkilib
Ərazidə söküntü işləri davam edir, artıq “Ətçilər”dən əsər-əlamət qalmayıb. Səkilərin üzəri təmizlənir.
Obyekt sahibləri narazıdırlar. İllərdir, burada çörək qazandıqlarını deyirlər. Hətta buranın yeganə gəlir yeri olduğunu dilə gətirənlər də az deyil. Bəziləri isə bankdan kredit götürərək bu işə yatırdıqlarını deyirlər.
Yasamal Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbəri Vüsal Hüseynov Oxu.Az-a açıqlamasında bildirir ki, ərazidə uzun illərdir antisanitar vəziyyət baş alıb gedir:
“Haqlı narazılıqlar, şikayətlər var. Obyektlərin qarşısındakı artırmalar, kababxanalar ərazidə piyadaların gediş-gəlişinə mane olur. Tüstü qoxusundan şikayət edirlər. Ərazidə təmizləmə işləri aparılır. Artırmalar sökülür, obyektlərin sökülməsi ilə bağlı məlumat yoxdur”.
Antisanitariya şəraitinə uzun illər niyə göz yumulduğu soruşulanda isə V.Hüseynov bildirir ki, 30 il ərzində burada fəaliyyət göstərən məcburi köçkünlərə güzəşt ediblər, ancaq artıq torpaqlarımız düşmən tapdağından azad olunub:
“Məcburi köçkünlər mərhələli şəkildə doğma torpaqlarına geri qayıdırlar. Onlar torpaqlarına qayıtdıqdan sonra artıq burada onların fəaliyyətinə ehtiyac qalmayacaq”.
Kababxanası sökülən, Füzuli rayonundan məcburi köçkün Zöhrab Cəfərov qeyd edir ki, öncədən onlara heç bir xəbərdarlıq edilməyib:
“1993-cü ildən biz burada işləyirik. Ailəmizi saxlayırıq. Hər obyektin 18-20 nəfər işçisi var. Məcburi köçkün, şəhid ailəsi üzləri burada işləyib, evlərinə çörək pulu aparırlar. Bu gün heç bir xəbərdarlıq olunmadı. Suyumuzu kəsib, obyektlərimizi dağıdıblar. Avadanlıqlarımızı küçəyə töküblər. Özümüz də, işçilərimiz də pis vəziyyətdəyik. Xəbərdarlıq olunsaydı, bilərdik. Tabe olmamaq kimi niyyətimiz yoxdur”.
Qeyd edək ki, M.Xiyabani küçəsində fəaliyyət göstərən kafelər, əsasən, Füzuli və Cəbrayıl rayonundan olan məcburi köçkünlər tərəfindən inşa edilərək fəaliyyət göstərirdi.