“Qarabağ Mədəniyyəti” adlı ədəbi-bədii tədbir baş tutub

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Televiziyasının tərəfdaşlığı ilə 28 fevral tarixində “Qarabağ Mədəniyyəti” adlı ədəbi-bədii tədbir baş tutub.

Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilən layihə Azərbaycan Milli Konservatoriyasının xor ansamblının Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirməsi ilə başlayıb. İlk olaraq Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Salmanlı çıxış edib. Kulturoloq Fuad Məmmədov və Minəxanımın Əsədova Qarabağ mədəniyyəti mövzusunda çıxış edərək gənclərə Qarabağ barəsində maraqlı faktları çatdırıblar.

Tədbirin bədii hissəsi Bakı Bələdiyyə Teatrının “Xurşidbanu Natəvan” əsərindən bir parçanın təqdim etməsi ilə başlayıb. Həmçinin, tanınmış muğam ifaçısı, Azərbaycan Respublikasının xalq artisti və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Könül Xasıyeva, xalq artisti Röya Ayxan, əməkdar artist Firuzə İbadova, Dövlət Sərhəd Xidmətinin kapitanı Elnarə Xəlilova, əməkdar artist Xəyyam Nisanov, Muğam müsabiqəsinin qalibi, “Səs Azərbaycan” yarışmasının finalçısı, xanəndə Rəvan Qaçayev, “Xalq çalğı alətləri” müsabiqəsinin qalibi, aşıq Qoca Ərəbov və gənc şuşalı xanəndə Nuray Hacızadə öz ifaları ilə tədbirə rəng qatıblar.

“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Salmanlı jurnalistlərə layihə barəsində ətraflı məlumat verib və bildirib ki, Qarabağ mədəniyyəti sadəcə olaraq adət-ənənə toplusu deyil, bizi birləşdirən, bizi biz edən hər daşında, hər mahnısında, hər rəqsində tarixinin yaşadığı diyardır. Həmçinin, bu tədbiri keçirməklə Qarabağın zəngin və unikal mədəniyyəti ilə gəncləri  tanış etməkdən qürur duyduğunu qeyd edib.

Oxşar Xəbərlər