Freedom House” Azərbaycana qarşı total, qərəzli hücum kampaniyasına qoşulub. Uzun illərdir rəsmi Bakıya qarşı mütəmadi böhtan, qarayaxma kampaniyasının önündə gedən təşkilat “2024-cü ildə dünyada azadlıq” adlı hesabat dərc edib.
Görünür, Qərb ölkələri və digər mərkəzlər estafeti “Freedom House”a ötürüb. Təşkilat Qarabağdan könüllü çıxan erməni sakinlərə qarşı “etnik təmizləmə” aparıldığını iddia edib, Azərbaycana qarşı hədyanlar yağdırıb. Məsələn, bədnam hesabatın bölməsindən biri “mübahisəli ərazilərə hücumlar qlobal avtoritar aqressiyanı gücləndirir” adlanır. “Freedom House”un qərəz və riyakarlığı o həddə çatıb ki, Azərbaycanın əzəli və əbədi torpağı Qarabağı “mübahisəli ərazilər” kimi qələmə verib.
“Freedom House” heç vaxt Azərbaycana münasibətdə obyektiv olmayıb. ABŞ 1992-ci ildə “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişi edib Bakıya qarşı haqsız mövqe tutduğu kimi, adıçəkilən təşkilat da bu illər ərzində hazırladığı hesabatlarda qərəzli yanaşma ortaya qoyub və Vaşinqtonun siyasi mərkəzləri ilə sinxron davranışlarını bu gün də davam etdirir.
Əvvəla, bu ərazilər beynəlxalq qanunvericiliyin hüquq və prinsiplərinə uyğun olaraq Azərbaycan torpaqlarıdır. Təşkilat da bu reallığı qəbul etmək istəmirsə, o zaman heç olmasa Ermənistan hakimiyyətinin səsləndirdiyi bəyanatlara nəzər salardı. Məsələn, hətta Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqlədiyi halda, “Freedom House” ermənidən artıq erməni olmağa çalışıb, tapşırıq və göstərişləri əsas götürüb.
İkincisi, təşkilat iddia edib ki, xarici müşahidəçilər baş verənləri “etnik təmizləmə” kimi qiymətləndirib. Söhbət hansı müşahidəçilərdən gedir? Hesabatda onların adı çəkilməyib. Halbuki, 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirlərindən sonra bölgəyə gələn BMT missiyası belə ortaya bir fakt ortaya qoya bilməmişdi. Əksinə, bölgədən könüllü qaydada çıxan erməni sakinlərin hər hansı bir təzyiqə məruz qalmadığını bəyan etmişdi. Digər məsələ, Ermənistan belə Qarabağda hər hansı bir etnik təmizləmə faktını ortaya qoymayıb. Hətta bununla bağlı müzakirələrə qatılmayıb, ya da biganəlik nümayiş etdirib.
Üçüncüsü, “Freedom House” Azərbaycanı ötən əsrin 90-cı illərində etnik ermənilərə qarşı ayrı-seçkilik siyasəti yürütməkdə ittiham etməklə qərəzli olduğunu isbatlayıb. Çünki təşkilat heç vaxt 1 milyondan artıq azərbaycanlının ev-eşiyindən qovulmasına, Ermənistan ərazisindən didərgin salınmasına münasibət bildirməyib.
Dördüncüsü, təşkilat Qarabağın azad edilməsi və suverenliyini bərpa edən Azərbaycanda hakimiyyətin reytinqinin pik həddində olmasına da qərəzli yanaşıb. İddia edib ki, bu populyarlıq rəsmi Bakını İrəvana qarşı irimiqyaslı hücuma sövq edə bilər. Bu da aparılan çirkin kampaniyanın bir mərkəzdən idarə olunduğunu göstərir. Çünki Azərbaycan heç bir vaxt Ermənistana qarşı ərazi iddiası ilə çıxış etməyib. Sadəcə, bu ölkədən qovulan azərbaycanlıların öz doğma yurdlarına qayıtmasına şərait yaradılması məsələsi gündəmə gətirilib, beynəlxalq təşkilatlardan buna dəstək verməsi istənilib. Eyni zamanda, Bakı dəfələrlə İrəvanı azərbaycanlıların hüquqlarına hörmətlə yanaşmağa çağırıb. Qərbin nəzarəti altında olan media qurumları isə bunu Azərbaycanın Ermənistana hücuma hazırlaşması kimi tirajlayır.
Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən də bu məsələyə toxunub və bildirib ki, Azərbaycanın Ermənistana hücum etmək planı yoxdur. Dövlət başçısı qeyd edib ki, bununla bağlı Qərbdən gələn qeyri-adekvat bəyanatlar Azərbaycan tərəfini çox məyus edib. Prezident İlham Əliyev bir daha bəyan edib ki, Azərbaycan sülh prosesinə sadiqdir.Göründüyü kimi, Ermənistan öz məğlubiyyətini etiraf etdiyi halda, Qərb bu reallıqla barışmaq istəmir, ona görə də, bölgə ilə bağlı əl-ayağa düşməsi təəccüblü deyil. Qərbin əlində oyuncaq təşkilata çevrilən “Freedom House” bundan əvvəlki hesabatlarda da özünü gülünc vəziyyətə qoyub. Özünü beynəlxalq statuslu insan haqları qurumu kimi qələmə verən “Freedom House” öz maraqlarından ötrü növbəti dəfə etnik separatizmin dəstəkçisi rolunda çıxış edib.
Sonda bir məsələni də qeyd edək ki, Azərbaycanın beynəlxalq normaları pozduğunu iddia edənlərin sırasına “Freedom House”un qoşulması təəccüblü deyil. Çünki bu təşkilat ölkəmiz haqqında qərəzli qətnamələr qəbul etməklə daim özünü gündəmdə saxlayıb. Bu da Azərbaycana qarşı növbəti qərəzli kampaniyasının tərkib hissəsidir. Təşkilatın qərəzinin əsas səbəblərindən biri gündəmdə qalması, “mən də varam” deməsidir. Ancaq düşünmürlər ki, belə kağız parçalarının heç bir əhəmiyyəti yoxdur və onlar Azərbaycanı öz mövqeyindən döndərə bilməyəcək.