“Məsələnin erməni “mədəni irsi”nin məhv edilməsi kimi qiymətləndirilməsi absurddur” – ŞƏRH + FOTO

Xankəndidə separatçıların tikdikləri binalar sökülür. Bunlardan biri “Artsaxı azad etmiş döyüşçülər ittifaqı”nın binasıdır. Zirzəmi, yarımzirzəmi və mezonin mərtəbədən ibarət binanın ümumi sahəsi 1 886 kvadratmetrdir, yuxarıdan baxdıqda xaç işarəsini xatırladır. Binanın adı üçün seçilən ifadə Azərbaycanın tarixi və suveren ərazilərinin adlarını təhrif edir, elə tikilmə forması da təxribatdır.

Xankəndi şəhərindəki mərkəzi meydandakı binanın açılışı 9 may 2013-cü il tarixində baş tutub. Mərasimdə Ermənistanın ozamankı prezidenti Serj Sarqsyan və qondarma rejimin “rəhbəri” Bako Saakyan iştirak ediblər.

İkinci separatizm simvolu vaxtı ilə mövcud olmuş qondarma rejimin “parlament” binasıdır. Ümumi sahəsi 1 350 kv.m olan binanın açılışı separatçı rejimin elan olunmasının 16-cı ildönümü günü – 2 sentyabr 2007-ci ildə olub.

Mərasimdə iştirak edən Ermənistan parlamentinin ozamankı spikeri Tiqran Torosyan bu binanı “Dağlıq Qarabağ Respublikasının ayaqda olduğunu göstərən növbəti sübut” və “gözəl hadisə” adlandırıb.

QİA.az xəbər verir ki, Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun sözlərinə görə, Xankəndidə ötən ilin sentyabrına qədər mövcud olmuş qondarma rejimdən qalan binanın, habelə şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olmayan digər tikililərin sökülməsi yenidən qurulan Qarabağın tarixi-mədəni siması və şəhərsalma ənənələrinin bərpasına xidmət edir:“Ermənistan və havadarlarının məsələni siyasiləşdirməsi və erməni “mədəni irsi”nin məhv edilməsi kimi qiymətləndirməsi absurddur. İlk növbədə, hər bir ölkədə, o cümlədən Azərbaycanda şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin konkret məqsədləri var.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, tikinti layihələri şəhərsalma sənədlərinin müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır. Məlumdur ki, Azərbaycanın ayrılmaz parçası olan Xankəndi şəhərinin Baş Planı hələ sovet dövründə, ulu öndərin hakimiyyəti illərində qəbul edilib. Lakin separatizmin baş qaldırması ilə bölgəyə Azərbaycan dövlətinin nəzarəti itirməsindən sonra Xankəndi və ətraf yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsi, fərdi maraqların qorunması, insanların həyatına, sağlamlığına, əmlakına, həmçinin dövlətin əmlak maraqlarına təhlükə yaranması və ya zərər vurulmasının qarşısının alınması, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi, tarix və mədəniyyət abidələrinin qorunması kimi nüanslar nəzərə alınmadan, heç bir memarlıq və təhlükəsizlik tədbirlərinə məhəl qoyulmadan məqsədli şəkildə kortəbii tikintilərə rəvac verilib”.

O bildirib ki, burada əsas məqsəd bölgədə tarixi Azərbaycan şəhərsalma irsinin süni erməni irsi ilə əvəzlənməsi olub:

“Nəticədə, şəhərsalma və tikinti fəaliyyətinin qəbul olunan prinsiplərinə zidd, şəhərsalma sənədlərinə uyğunluğu təmin edilməyən, tarixi landşaft və mədəni irsə zərbə hesab olunan bir mənzərə ortaya çıxıb.

Qarabağ və Şərqi Zəngəzuru azad etdikdən sonra Azərbaycan, heç şübhəsiz ki, işğal və təcavüzün nəticələri qismində Xankəndi və digər ərazilərdə planlaşdırılma sənədləri, norma və qaydaları, habelə şəhərsalma əsaslandırılması ilə bağlı texniki qaydalara zidd mövcud situasiyanı da aradan qaldırmalı idi. Bu gün Xankəndidə aparılan söküntü ilk növbədə bu proseslər çərçivəsində həyata keçirilir”.

“Məsələnin süni şəkildə “erməni irsi” ilə mübarizə kimi təqdim edilmə cəhdlərinə gəlincə, əksinə, bölgədə 30 il ərzində məhz Azərbaycan-müsəlman irsi Ermənistanın dövlət siyasəti çərçivəsində məhv edilib. Qarabağ və Şərqi Zəngəzurda mövcud olmuş 67 qədim məsciddən 63-ü yerlə bir edilib. Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər, Qubadlı kimi tarixi şəhərlər yer üzündən silinib, ona görə də “mədəni irs keşikçiləri” ilk növbədə bu barədə danışmalıdırlar.

Azərbaycan öz ərazisində tarixi xarakter daşıyan bütün tikililərə, o cümlədən 30 il ərzində erməniləşdirilməyə çalışılan alban xristian dini abidələrinə öz irsi kimi yanaşır və qoruyur. Bütün bunların fonunda Xankəndidə zövqsüz, memarlıq adına ləkə olan bir neçə qanunsuz tikilinin söküntüsü müzakirə mövzusu ola bilməz. Bu söküntü, eyni zamanda, tarixi ədalətin bərqərar edilməsi kimi bizim üçün mənəvi əhəmiyyət daşıyır. Biz qalib dövlət olaraq ərazimizdə separatizmin heç bir nişanəsinin qalmasına yol verə bilmərik. Necə ki Şuşada separatçıların “parlament binası” yerlə bir edildi, eləcə də Xankəndidə separatçıların ucaltdığı və suverenliyimizə zidd məzmun ifadə edən heç bir tikili qala bilməz. Necə ki Almaniya faşizmi, ABŞ quldarlığı, Polşa kommunizm quruculuğunu təşviq edən simvol və abidələrdən imtina edib, biz də bölgədə separatizm ənənələrini təbliğ edən heç bir işarəni saxlamayacağıq”, – deyə B.Məhərrəmov əlavə edib.

Nəzrin Vahid

Oxşar Xəbərlər