Elşad İskəndərov: Fransada Natəvanın heykəlinə qarşı vandallıq Qərbin radikallaşmasının təzahürüdür

Fransada Xurşidbanu Natəvanın heykəlinə qarşı vandallıq Qərbin radikallaşmasının təzahürüdür.

QİA.az “Report”a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İskəndərov Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda keçirilən beynəlxalq elmi konfransın “Multikulturalizm, islam və sivilizasiyalar toqquşması nəzəriyyəsi: islamofobiyanın yenidən düşünülməsi” adlı plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, vandalizmə məruz qalmış abidə xilas edilərək Azərbaycanın Fransadakı səfirliyinin ərazisinə köçürülüb: “Əslində, müasir dövrdə belə hadisələr baş verməməlidir. Ancaq bunu gözardı da etmək olmaz. Qərb ideologiyası artıq radikallaşmağa başlayıb. XIX əsr şairəsi, Aleksandr Düma ilə göüşmüş Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm də bunun əyani sübutudur”.

Səfir bildirib ki, son 50 ildə Qərb mədəniyyətinin hökmranlığının fonunda tendensiyalar dəyişməkdədir: “İslamofobiya fenomenində Qərb dünyasında müsəlmanların qlobal dəyərlərə qarşı çıxan tərəf kimi göstərilməsi gündəmdədir. Bu da təəssüf doğurur”.

E.İskəndərov vurğulayıb ki, müsəlmanlar iddiaların əksinə qlobal inkişafda hərəkətverici qüvvədir: “Türkiyə, Qətər, Malayziya kimi ölkələr islamofobiyanın balanslaşdırılması istiqamətində böyük səy göstərirlər. Amma bunlar onun sonlanması mənasını daşımır. İslamofobiya Fransa kimi ölkələrdə artıq sağ qanadda güclü bir meyilə çevrilir. İslamofobiyaya qarşı mübarizə vahid bir sistemdə olmalıdır”.

Oxşar Xəbərlər