Bu ilin yanvar-fevral ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.
QİA.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-fevral aylarının yekununa dair məlumatda əksini tapıb.
Bildirilib ki, hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1 980 cinayət faktı aşkarlanıb. Onlardan 566-sı narkotik vasitələrin qanunsuz satışı, 1 411-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 3-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi ilə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton 212 kiloqram 963,32 qram narkotik vasitələrin və psixotrop maddələrin 156 kiloqram 764,35 qramını heroin, 956 kiloqram 69,646 qramını marixuana, 22 kiloqram 542,606 qramını tiryək, 22 kiloqram 849,45 qramını həşiş, 53 kiloqram 320,665 qramını psixotrop maddələr, 1 kiloqram 416,6 qramını digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 690 ədəd həb metadon, 186,3 qram güclü təsir edən maddə və 6 çətənə kolu qanunsuz dövriyyədən götürülüb.