Lerikdə məktəbdə şagirdlərə dərs keçilmədiyi iddia edildi: Polisə müraciət olundu

Lerik rayonu Ə.Məmmədov adına Livədirqə kənd tam orta məktəbindən narazılıq var.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Övladı orada təhsil alan valideyn iddia edib ki, məktəbdə şagirdlərə dərs keçilmir.  Direktorun da təhsil ocağına gəlmədiyi bildirilib.

Məsələ barədə Lənkəran-Astara Regional Təhsil İdarəsi ilə əlaqə saxladıq.

İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, görüntülər barədə məktəb direktorunun və fransız dili müəllimlərindən izahatları alınıb:

“Onlar izahatlarında valideyn Bahaddin Babayev tərəfindən məktəbin bəzi müəllimləri barədə bu cür çəkilişlərin bir neçə dəfə edildiyini, ayrı-ayrı vaxtlarda məktəbə gəlib icazəsiz məktəb binasına daxil olaraq tədris prosesinə müdaxilə etmək istədiyini, hətta direktor və bəzi müəllimlərlə arasında mübahisə yarandığını və onları təhqir etdiyini bildiriblər.

Eyni zamanda, qeyd edək ki, bu çəkiliş fiziki tərbiyə, informatika dərsi zamanı və ya məktəbdə keçirilən hər hansı bir tədbir vaxtı çəkilib və sonradan üzərinə səs əlavə olunub. Bütün bu məsələlərlə bağlı məktəb kollektivi tərəfindən ayrı-ayrı vaxtlarda müvafiq aktlar tərtib olunub və hüquq-mühafizə orqanlarına rəsmi müraciət edilib. Hazırda araşdırma aparılır”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a bildirilib ki, məsələ ilə bağlı Lerik Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılıb:

“Toplanmış material müvafiq qərar qəbul edilməsi üçün məhkəməyə göndəriləcək”.

Oxşar Xəbərlər