Paşinyanın yalan danışdığını üzə çıxaran faktlar – ŞƏRH + FOTO

Ermənistanın baş naziri Nikol Paşinyan “sensasiyalı” açıqlamalar verib. O, martın 12-də keçirdiyi mətbuat konfransında deyib ki, Rusiya sərhədçiləri İrəvanın “Zvartnots” hava limanından çıxarılacaq.

Bundan başqa, hökumət başçısı Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyasının ölkəsinin Tavuş vilayətindən başlayacağını söyləyib. Həmçinin Azərbaycanla bağlı həqiqətə uyğun olmayan iddialar ortaya atıb.

Altı ilə yaxındır hakimiyyətdə olan N.Paşinyan tez-tez oxşar “sensasiyalı” bəyanatlar səsləndirir. Amma məsələ ondadır ki, o və komandasının üzvləri həmişə eyni məsələlərlə bağlı oxşar tezislər və mətnlərlə çıxış edirlər. Bəs onların fikirləri niyə belə maraq doğurur?

N.Paşinyan və Ermənistan rəsmilərinin əvvəllər səsləndirdikləri bəzi bəyanatlara nəzər yetirək.

O, hakimiyyətə sistemdənkənar gələn qüvvələrdən sayılır. Daha doğrusu N.Paşinyan və hakim Mülki Müqavilə Partiyasının üzvləri zahirən müxalifət düşərgəsindən iqtidara yüksələn siyasətçilər kimi qəbul olunurlar. Onların mövqe və platformalarını cəlbedici edən isə anti-Rusiya çıxışları və açıqlamalarıdır. Bu qrupun əsas liderləri bunlardır: baş nazir Nikol Paşinyan, prezident Vaaqn Xaçaturyan, parlamentin sədri Alen Simonyan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan.

Müxalifətdə olduqları müddətdə onlar tez-tez Ermənistanın Qərbə inteqrasiyasından, Avropa İttifaqı və NATO-ya daxil olacağından, Rusiya qoşunlarının ölkədən çıxarılacağından, MDB, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İqtisadi İttifaqı üzvlüyündən çıxacağından danışırdılar. Bir sözlə, bu siyasətçilər Qərbdə anti-Rusiya, “demokratik” qüvvələr kimi tanıdılıblar.

N.Paşinyan və komandası uzun illər erməni cəmiyyətinə verilən vədlərin yalan olduğundan bəhs edirlər. Bu qrup Ermənistan cəmiyyətinə reallığı çatdırmağa çalışan komanda kimi görünməyə çalışır. Bir çox hallarda hadisələrə ortadan başlamaqla vəziyyəti gərginləşdirirlər.

Bu qrupun üzvləri müxtəlif vaxtlarda dəfələrlə Qarabağın Azərbaycan torpaqları olduğunu etiraf ediblər. Belə açıqlama ilə özlərinin sülhsevər göstərməyə çalışırlar.

Keçmiş prezidentlər – Robert Koçaryan, Serj Sarqsyana qarşı cinayət işini başlamaqla da özlərinin yenilikçi kimi göstəriblər. Ancaq bu cinayət işləri yarımçıq qalıb. Eləcə də 1999-cu il oktyabrın 27-də parlamentə silahlı hücum və 2008-ci il martın 1-dən dinc etiraz aksiyası iştirakçılarına atəş açılması hadisələrinin təşkilatçıları da cəzalandırılmayıb.

N.Paşinyan martın 12-dəki mətbuat konfransında da yuxarıda qeyd etdiyimiz tezislərlə danışıb. Son günlərin ən populyar mövzularından biri İrəvandakı “Zvartnots” hava limanından Rusiya sərhədçilərinin çıxarılması məsələsidir. Bir müddət əvvəl A.Simonyan bildirmişdi ki, adıçəkilən aeroportda rusiyalı hərbi qulluqçuları erməni hərbçilər əvəzləyə bilər. N.Paşinyan bu mövzuya toxunaraq deyib ki, məsələ barədə rəsmi Moskvanı məlumatlandırıblar və 2024-cü il avqustun 1-də Ermənistan sərhədçiləri hava limanında xidmətə başlaya bilər.

O, bu məsələni siyasi və geopolitik deyil, işgüzar proses saydığını söyləyib. Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov İrəvandan bildiriş aldıqlarını təsdiqləyib. Lakin Moskva hələ buna rəsmi qaydada cavab verməyib. Qeyd etmək lazımdır ki, Rusiya hərb bazası və sərhədçiləri Moskva ilə İrəvan arasında imzalanan müqaviləyə əsasən 2040-cı ilədək Ermənistanda qalmalıdır.

Yeri gəlmişkən, Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı müasir sərhəd idarəsinə dörd sərhəd dəstəsi daxildir. Bunlar Gümrü, Armavir, Artaşat və Mehridə (Ermənistanın İran və Türkiyə ilə sərhədini qoruyur) yerləşir. Həmçinin İrəvanda “Zvartnots” hava limanında (erməni sərhədçiləri ilə birlikdə) ayrıca “Ermənistan” sərhəd-buraxılış məntəqəsi, İranla sərhəddə gedən Aqarak avtomobil yolunun üzərində yerləşən keçid məntəqəsi fəaliyyət göstərir. Ermənistan vətəndaşlarına rusiyalı sərhədçilərlə birlikdə xidmət etməyə icazə verilib. 2013-cü ilin məlumatına görə, bu ölkədə Rusiya sərhədçilərinin sayı təxminən 4,5 min nəfərdir. Sonrakı illərdə belə məlumat açıqlanmayıb.

N.Paşinyan 2018-ci ildə “Exo Moskva” radiosuna müsahibəsində rəsmi İrəvanın Ermənistan-Türkiyə sərhədindəki Rusiya sərhədçilərinin xidmətindən imtina etmək niyyətində olmadığını, bu sərhədin uzunluğunun onlar üçün “böyük yükə” çevriləcəyini demişdi.

Onu da qeyd edək ki, Ermənistan sərhədçiləri Zvartnots, Erebuni və Gümrüdəki üç hava limanındakı sərhəd-keçid məntəqəsində xidmət edirlər. Axırıncı iki məntəqədə Rusiya sərhədçiləri yoxdur. Odur ki, əgər rusiyalı hərbçilər “Zvartnos”dan çıxarılsa bunun N.Paşinyanın uğuru kimi qiymətləndirilməsi də məntiqi deyil. Ancaq Rusiyanın həmin ərazidən vaxtından əvvəl çıxacağı ehtimalı da azdır. Ola bilər ki, bu məsələ perspektivdə tərəflər arasında müzakirə mövzusuna çevriləcək.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov martın 2-də İrəvan rəsmilərinin çıxışlarına münasibət bildirərkən onları “Rusiyanı Cənubi Qafqaz regionundan çıxarmaq istəklərini gizlətməyən şəxslər” adlandırmışdı.

N.Paşinyan və komandasının ən çox səsləndirdikləri tezislərdən biri də Azərbaycanla sərhədin delimitasiyasıdır. O, sonuncu mətbuat konfransında da dövlət sərhədlərin müəyyənləşməsinə toxunub. Ancaq məsələ ondadır ki, Bakı və İrəvan arasında bunun üçün əsas mənbə, yəni xəritə hələ təyin edilməyib. Odur ki, bunu ənənəvi tezis müddəalarındən saymaq olar.

Ən başlıca məsələ isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə bağlıdır. N.Paşinyan bu toplantıda yeni konstitusiyanın mətni, konsepsiyasının olmadığını etiraf edərək bildirib ki, bu istiqamətdə siyasi müzakirələr aparılır. Belə hesab etmək olar ki, o, bununla müxalifət sayılan qüvvələri sakitləşdirib, onları zərərsizləşdirməyə çalışıb. Çünki martın 11-də Ermənistanın Ədliyyə Nazirliyi əsas qanunla bağlı “Sputnik Armenia”nın sualına cavabında bildirib ki, konstitusiya islahatları konsepsiyasının layihəsi artıq hazırdır. Bu isə N.Paşinyanın yalan danışdığını üzə çıxaran faktdır.

Mətbuat konfransında o, saxtakarlığını gizlədə bilməyib. Baş nazir bildirib ki, Azərbaycanda deyilən yer adlarına nə keçmiş SSRİ dövründə, nə də sonradan rast gəlinməyib. Ermənistan hökumətinin başçısı bu açıqlaması ilə özünün erməni mahiyyəti və saxtakarlığını ortaya qoyub. Söhbətin Qərbi Azərbaycanın tarixi yer adlarından getdiyini hər kəsə məlumdur. Çünki keçmiş sovetlər dövründə həmin coğrafi, ərazi-inzibati yer adları erməniləşdirilib, sovetləşdirilib. Həmin bölgələrdən 300 min qərbi azərbaycanlı silah və güc tətbiqi ilə qovulduqdan sonra bu proses daha da sürətlənib. Bu baxımdan nə sovet Ermənistanı, nə də Ermənistan Respublikası azərbaycanlılara məxsus qədim yer adlarını ilkin variantda saxlayıb.

N.Paşinyan bu mətbuat konfransında da ona verilən tezislər ətrafında alayarımçıq çıxış edib. Bununla da Azərbaycanla sərhədləri müəyyənləşdirməyə, sülhə, əməkdaşlığa, Rusiyadan bir mənalı qopmağa hazır olmadıqlarını göstərib.

Oxşar Xəbərlər