“Təfəkkür” Universitetinin prorektorunun qətli ilə bağlı məhkəmə istintaqı yekunlaşıb

“Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun qətli ilə bağlı məhkəmə istintaqı yekunlaşıb.

QİA.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda professor müttəhim Müşfiq Atakişiyevin istintaqa verdiyi ifadəsi elan edilib.

Atakişiyev istintaqdakı ifadəsi məhkəmədəki ifadəsi ilə eynidir. Lakin professor ona verilmiş ittihamla razı deyil. Deyir ki, ona tamah niyyəti ilə adam öldürmə ittihamı deyil, qəsdən sağlamlığa ağır xəsarət yetirmə ittihamı verilməli idi:

“Qadınlar arasındakı qeybətə əsaslanıb mənə ittiham veriblər. Dedi-qodu ilə iş olar? Mən Tariyelin ölümünü sifariş verməmişəm. Amma 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddə ilə günahkaram”.

Sənədlərin tədqiqi zamanı məlum olub ki, qətlin təşkilatçısı Dəyanət Quliyev cinayəti  etiraf etmək üçün Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edib etiraf etməzdən əvvəl 21 dəfə Müşfiq Atakişiyevə zəng edib. Quliyev həmin saatda eyni zamanda müxtəlif mərc saytlarına girib. Onun telefonuna baxış zamanı da bu sübut olunub. 

Prokuror Cövdən Mehrəliyev çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Prokurora martın 27-ə kimi vaxt verilib.

Qeyd edək ki, hadisə 2011-ci ildə baş verib. İttihama görə, həmin vaxt “Təfəkkür Universitetinin” rektoru işləyən Müşfiq Atakişiyev özünə rəqib hesab etdiyi prorektor Tariel Əhmədovun qətlini sifariş verib. Sifarişin təşkilatçısı bacısı oğlu Dəyanət Quliyev, icraçısı isə D.Quliyevin qonşusu Samir Quliyev olub. 

Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Oxşar Xəbərlər