“Çərşənbələrin içində daha vacibi, inanc və düşüncə sisteminə görə, axırıncıdır və daha təhlükəlidir. Məsələn, Naxçıvanda İlaxır çərşənbə həm də Od çərşənbəsi kimi qeyd edir. Qərb zonalarımızda, məsələn, Qazax, Ağstafa, Tovuzda və s. buna “Ölü” və yaxud “Qara çərşənbə” də deyirlər”.
QİA.Az xəbər verir ki, Bunu AMEA Folklor İnstitutunun Mərasim Folkloru Şöbəsinin aparıcı elmi işçisi Atəş Əhmədli Oxu.Az-a müsahibəsində deyib. Müsahibəni təqdim edirik:
– Novruzun tarixi hansı dövrdən başlayır?
– Novruz bayramının özəyini qışın yazla əvəz olunması, bir növ təbiətin ölüb-dirilməsi təşkil edir. Bu proses dünya yaranandan, insanlıq mövcud olandan hər il təkrarlanıb. İnsanlar hansısa məqamda bu mütəmadiliyi kəşf edərək il dəyişikliyini bayram səviyyəsinə qaldırıblar. Novruzun atributlarına, adətlərinə diqqət yetirsək, burada dünyanın yaradılması barədə miflərdə qeyd olunan yeddi rəqəmi, yaradılışda rolu olan dörd ünsür, zərdüştiliyə məxsus od amili və s. ilə səsləşməni görə bilərik.
Bu səbəbdən Novruzun tarixinin hələ onun on birinci əsrdə rəsmi şəkildə qeyd olunmasından da xeyli əvvələ gedib çıxdığı düşünülür. Böyük Səlcuqlu dövlətinin sultanı I Məlikşahın (1072-1092) dövründə bizim indi alışdığımız kimi bir təqvim yox idi, onun ölkəsinin insanları günləri qarışdırırdılar. Bu səbəbdən şahın göstərişi ilə “Cəlali təqvimi” yaradıldı, il dörd fəslə bölündü. Münəccimlərin hesablamalarına görə, il martın 21-də təhvil olurdu və beləliklə Novruz bayramı həmin gün qeyd olunmağa başladı.
Novruz tarixi boyu müəyyən dəyişikliklərə, eyni zamanda, sıxışdırılmalara məruz qalıb. O, zərdüştilik zamanı da, xristianlıq, islam, hətta ateizmin bərqərar olduğu vaxtlarda da mövcud ideologiyaya zidd sayılıb, ancaq xalq tərəfindən qorunub-saxlanıb, günümüzə qədər gəlib çatıb.
Məsələn, belə bir fikir vardı ki, guya Novruz bayramı islama ziddir. Amma fikir versək, Ramazan və Novruz bayramının oxşar cəhətləri çoxdur: böyükləri yada salmaq, mehribanlaşmaq və bərabərləşmək bu xüsusiyyətlərdəndir.
Novruz adı fars sözü olsa da, türk xalqları bayramın mahiyyətini saxlayıb, adını başqa ifadələrlə əvəz ediblər. Məsələn, Altayda yaşayanlar onu “Cıl başı”, qırğızlar “Cılğı ayrımı” (“İllərin ayrımı”), qazaxlar “Ulustun yengi günü” (“Uluların yeni günü”) kimi adlandırıblar.
– Bir qədər də çərşənbələrin mahiyyətindən danışaq.
– Çərşənbələr dörd ünsürlə – su, od, hava və torpaq – bağlıdır. Bunlar təkcə dünyanın deyil, insanın da yaradılışında rol oynayıb. Çərşənbələrdə bu ünsürlərin “oyanması” məsələsi mövcuddur. Od Günəşin Yerdəki rəmzidir. Xalq inancına görə, yel (hava) oyanır, suyu, odu, nəhayət torpağı oyadır. Təbiət oyanır, yenilənir, insanlar ruzi, bərəkət, rifah arzusu ilə əkin-biçinə başlayırlar. İş insanın cövhəridir, bu səbəbdən Novruzun gəlişi ilə yaşamaq həvəsi də artır, xalq bu bayramı coşqu ilə qeyd edir.
– Bəs Novruzdan əvvəl keçirilən dörd çərşənbə niyə məhz həftənin ikinci günləri, yəni çərşənbə axşamı qeyd olunur?
– Çərşənbə günü tarixən ağır gün kimi qəbul olunub. Çərşənbələrin içində daha vacibi, inanc və düşüncə sisteminə görə, axırıncıdır və daha təhlükəlidir. Qədim türklərdə hər şey gün batana qədər hesablanır, günün ikinci yarısından sonra növbəti günün hesabı başlanırdı. Çərşənbə üçüncü gündür, amma ikinci gündən ona hazırlıq prosesi gedirdi. Bu, türklərin baxış tərzidir. Ümumiyyətlə, təbiətdə baş verən proseslərin insan həyatına təsiri ilə bağlıdır.
Bölgələrdə çərşənbələrə görə baxış tərzi fərqlidir və ardıcıllıqları da fərqlənə bilir. Məsələn, Naxçıvanda İlaxır çərşənbəsinin yerinə Od çərşənbəsi qeyd olunur. Qərb bölgəsində, Qazax, Ağstafa, Tovuzda isə Torpaq çərşənbəsi sonuncudan əvvəl keçirilir. Həmin gün adamlar qəbir üstünə gedir, vəfat etmiş əzizlərinin ruhunu şad edirlər. Yəni Novruz bir növ ölülərin də bayramıdır. Ona görə də bəzən buna “Ölü” və yaxud “Qara çərşənbə” də deyilir.
– Bölgələrimizdə Novruza dair inanclarda da fərq varmı?
– Bölgələrimizdə Novruzla bağlı bir sıra inanclar var ki, böyük qrupu bir-biri ilə oxşarlıq təşkil edir. Çərşənbələrdə, xüsusilə sonuncusunda, insanlar sınamalar həyata keçirirlər. İlaxır çərşənbə ilin sonu və yeni ilin başlandığı dövrə təsadüf edir. Müəyyən inanclara görə, ili insan necə qarşılayırsa, elə də keçirəcək. Su və od ilə fala baxmaq məsələsi də var. Quba-Qusar zonasında torpaqdan keçmə inancı mövcuddur: xəstə uşaqları və övladı olmayan qadınları qazmadan keçirirlər. Çərşənbələrin hər biri ilə bağlı ayrı-ayrı – sudan, oddan, yeldən və torpaqdan keçmə inancları da mövcuddur.
– Novruzun unudulmuş inanc və ayinləri hansılardır?
– Sovet dövründə Novruz bayramı ilə bağlı bir sıra basqılar var idi. Bu dövrdə xalq Novruzu gizli şəkildə keçirirdi, rəsmi şəkildə qeyd olunmurdu. Bolşeviklər xalqın birliyindən qorxurdular: ona görə ki, insanlar bu bayramda gəzintiyə çıxır, bir-birinə qonaq gedir, pay aparır, pay gətirir, mehribanlaşırlar. Bu səbəbdən Novruzun da müəyyən adətləri, ayin və inancları unudulub.
Hazırda bölgələrdə vaxtilə hansı inanc və ayinlərin mövcud olduğu ilə bağlı araşdırmalar aparılır. Məsələn, təqdiqatların biri ortaya çıxarıb ki, Naxçıvanda, Lənkəran və Tovuzda “Çillə gecəsi” mərasimi saxlanılır.
Bu, qış fəslinin gəlişi ilə bağlıdır. Qış fəsli el arasında üç hissəyə bölünür. Dekabrın 21-dən 22-nə keçən gecə biz Böyük çilləyə daxil oluruq. O, 40 gün çəkir. Fevralın 1-dən 22-nə qədər Kiçik çillə davam edir, sonra isə Boz ay başlayır. İlaxir çərşənbə günü Boz ay bitir. Qədimdə xalq çillə başlayanda da, Boz ay bitəndə də bayram edib, xüsusi ayinlər keçirib.
Başqa xalqlar bu adəti bizdən əxz ediblər. Məsələn, hətta İran çillə gecəsi ilə bağlı 2016-cı ildə UNESCO-ya müraciət etmiş, çillə gecəsini “Şəbi-yelda” (ilin ən uzun və qaranlıq gecəsi) adında özünün mədəniyyəti, milli dəyəri kimi təqdim etmişdi.
Yəni ümumilikdə götürsək, çillə gecəsi Novruz bayramının açarıdır. Güneydə 40 milyona yaxın azərbaycanlı “Çillə gecəsi” mərasimi keçirir. Çillə (çilə) sözünün mənası çətinlik deməkdir. Burada əsas element qarpızdır. Məsələn, Naxçıvanda çillə gecəsində yaydan xüsusi olaraq saxlanan qarpız kəsilir, nişanlı qızlara pay göndərilir. Belə inanc var ki, çillə gecəsi kəsilən qarpızın rəngi tünd olarsa, havalar sərt, açıq rəngsə olarsa, mülayim keçəcək. Bu, xalqın təcrübəsidir.
Aliyə Yahyayeva