Laçınlılar Novruz bayramını doğma yurdlarında yüksək əhvali-ruhiyyə ilə qeyd ediblər

Uzun illər sonra doğma yurdlarına qayıtmış Laçın sakinləri ilaxır çərşənbəni böyük coşqu ilə qeyd ediblər. Həkəri çayının kənarında təşkil edilən bayram tədbirində həm də “Can Laçın” adlı Novruz yarmarkası təşkil olunub.

QİA.az AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Laçın üzrə Xüsusi Nümayəndəliyi, Bakı Abadlıq Xidməti MMC və Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü və təşkilatçılığı ilə keçirilən bayram tədbirində rəsmi şəxslər, Laçın sakinləri, Laçının tikinti və abadlıq işlərində çalışanlarla bərabər qonaqlar da iştirak edib.

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev və “Laçın Abadlıq Xidməti” MMC-nin direktoru Nəsimi Əsədov çıxış edərək laçınlıları Novruz bayramı münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıblar.

“Can Laçın” yarmarkasında həm Laçında ərsəyə gələn məhsullar, həm də respublikanın müxtəlif bölgələrindən gəlmiş sənətkarların əl işləri sərgilənib. Yarmarkaya usta Hüseyn Hacı Mustafazadə dünyada məşhur şəbəkələri ilə, Aqil Kərimov milli üslubda hazırladığı papaqlarla, usta Zahid Vələdov milli musiqi alətləri ilə, xalq yaradıcılığı üzrə mütəxəssis Elnarə Rəsulova şəxsi kolleksiyası ilə qatılıblar. Bundan başqa, yarmarkada “Gilabi Ceramics”, “İslimi”, “Zili”, “Darayı” milli brendlərinin məhsulları da sərgilənib. Laçın torpağında becərilən kənd təsərrüfatı məhsulları, laçınlı xanımların əl işləri və şirniyyatlar, “Zerti Aqrosənaye” kompleksinin məhsulları da yarmarkada yer alıb.

Bayram tədbirində milli adətlərimizə uyğun müxtəlif əyləncəli proqramlar nümayiş olunub. Novruzun personajları olan Kosa və Keçəl “İsma Bikes”in istehsalı olan velosipedlərdə bayram tədbirinə gəliblər. Bayram tədbirində hədiyyəli müsabiqələr və yarışmalar da təşkil edilib. Kosa bayram iştirakçılarının adları yazılan kağız parçalarını öz xurcununa yığıb və müsabiqədə adları çıxan beş nəfərə “İsma Bikes”in velosipedləri hədiyyə olunub.

Oxşar Xəbərlər