Martın 24-də Bakıda kişi və qadın boksçular arasında 11 ölkənin iştirakı ilə “Böyük İpək Yolu” beynəlxalq turniri start götürəcək.
Bu barədə Azərbaycan Boks Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, ənənəvi yarış beş gün davam edəcək.
Bakı Boks Mərkəzində təşkil olunacaq turnirdə Azərbaycan, Özbəkistan, Rusiya, Polşa, Qazaxıstan, Qırğızıstan, Tacikistan, İran, İtaliya, Pakistan və Macarıstan boksçuları güclərini sınayacaqlar. Kişilər 13, qadınlar beş çəki dərəcəsində qalibi müəyyənləşdirəcəklər.
121 idmançının qatılacağı turnirin açılış mərasimi martın 24-də saat 13:30-da olacaq. Yarışa martın 28-də yekun vurulacaq.
Azərbaycanı “Böyük İpək Yolu”nda 34 kişi, 9 qadın boksçu təmsil edəcək.
Qeyd edək ki, turnirin supervayzeri serbiyalı Draqolyub Radoviç, baş hakimi həmyerlimiz Anar Babanlı olacaq. Yarışa gələcək komandaların heyətində beynəlxalq dərəcəli referilər də yer alacaq.