Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Bu gün üçün dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti isə 92,06 ABŞ dolları təşkil edib.
QİA.az xəbər verir ki, deputat Vahid Əhmədova BAKU.WS-ə açıqlamasında bildirib ki, neftin qiyməti yüksək olduğu üçün may ayında yenidən dövlət büdcəsinə baxıla bilər:
“Biz dövlət büdcəsini 60 dollardan götürmüşük. Hazırda bu rəqəmlər daha çoxdur. Yəqin ki, may ayında dövlət büdcəsinə baxıla bilər. Bu dövrdə bir sıra sosial məsələlər, o cümlədən Qarabağda gedən quruculuq işləri ilə əlaqədar vəsaitlərin ayrılması nəzərdə tutula bilər.
Hesab edirəm ki, neftdən gələn gəlirlər yüksək olduğu üçün hardasa may ayında dövlət büdcəsinə yenidən baxıla bilər. Mümkündür ki, maaşlar, pensiyalar və bir sıra sosial müavinətlərlə bağlı məsələlər də gündəmdə olsun.
Eyni zamanda Vətən müharibəsində itirak etmiş şəxslərə ödənilən müavinətin artırılması da gündəmdə saxlanılır. Hələlik bu istiqamətdə ciddi irəliləyiş yoxdur. Yəqin ki, dövlət büdcəsinə baxılsa, bu məsələyə bir daha toxunacağıq”.
Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində nəzərdə tutulur.
2024-cü il üçün icmal büdcənin gəlirləri isə 38 milyard 998 milyon manat, xərcləri 42 milyard 376 milyon manat, kəsiri isə 3 milyard 379 milyon manat həcmində proqnozlaşdırılır.