David Sonqulaşvili: Xalqlarımızın tarixi ənənələrə söykənən əlaqələri bu gün də dinamik inkişaf edir

Aprelin 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvləri Gürcüstan parlamentinin Sahə iqtisadiyyatı və iqtisadi siyasət komitəsinin sədri David Sonqulaşvilinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

QİA.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycan ilə Gürcüstanın dərin tarixi köklərə malik qonşu və dost ölkələr olduğunu deyib. O, əlaqələrimizin möhkəmlənməsində dövlət başçılarının rolunu xüsusi qeyd edərək, xalqlarımız arasında mehriban münasibətlərin inkişaf etdiyini söyləyib.

Hazırda regionda yeni reallıqların yarandığını vurğulayan komitə sədri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin öz əzəli torpaqlarını işğaldan azad etdiyini, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, bu gün bölgədə sülhün və sabitliyin təmin olunması üçün Azərbaycan dövləti mühüm addımlar atır, o cümlədən Ermənistanla sülh müqaviləsinin bağlanması üçün səylərini əsirgəmir. Sülhün əsas prinsiplərinin bir-birinin suverenliyinin, ərazi bütövlüyünün qarşılıqlı tanınması, ərazi iddialarının olmaması, nəqliyyat və kommunikasiyaların açılması üçün şərait yaradılmasının olduğu qeyd edilib.

Gürcüstan parlamentinin Sahə iqtisadiyyatı və iqtisadi siyasət komitəsinin sədri David Sonqulaşvili iki ölkə arasında dostluq, qardaşlıq münasibətlərinin mövcudluğunu, belə görüşlərin əlaqələrin möhkəmləndirilməsi baxımından vacibliyini qeyd edib. O, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi və son prezident seçkilərinin ölkənin bütün ərazisində keçirilməsi münasibətilə təbriklərini çatdırıb. Dövlətlərimiz və xalqlarımız arasında tarixi ənənələrə söykənən sarsılmaz əlaqələrin bu gün də dinamik inkişaf etdiyini deyib. Regionda davamlı təhlükəsizliyin təmin edilməsi üçün səmərəli münasibətlərin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.

Gürcüstan parlamenti nümayəndə heyətinin üzvləri Gela Samxarauli, Bezhan Tsakadze, Qoça Enukidze çıxış edərək, ölkələrarası və parlamentlər səviyyəsində əlaqələrin möhkəmlənməsi, iqtisadi, ticari sahələrdə əməkdaşlığın inkişafı ilə bağlı fikirlərini açıqlayıblar.

Oxşar Xəbərlər