Bəzi üzdəniraq qüvvələr var ki, Azərbaycan-Türkiyə əlaqələrinə zərbə vurmağa çalışırlar. Onlar cəmiyyətə aşılamağa çalışırlar ki, guya iki qardaş dövlət artıq fərqli cinahlarda dayanırlar. Bunun sifarişini verənlərin kimliyi isə heç də sirr deyil. Bu sifarişin arxasında Azərbaycan və Türkiyəni Rusiya ilə toqquşdurmağa çalışanlar durur. Prezident İlham Əliyevin aprelin 22-də Rusiya Federasiyasına işgüzar səfəri də göstərdi ki, onların bu cəhdləri əbəsdir.
Hesab edirəm ki, bu səfər işgüzar xarakter daşısa da, əslində, iki ölkə arasında əməkdaşlığa ağ səhifədən başlamaq baxımından, tarixi önəm daşıyır. Ona görə tarixi önəm daşıyır ki, iki dövlət arasında əlaqələrin dərinləşməsinə maneçilik törədən amillər demək olar, aradan qalxıb.
QİA.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a acıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev deyib.
Səfər çərçivəsində Moskvada Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşündən danışan deputat qeyd edib: “Düşünürəm ki, burada bir rəmzilik var. BAM-ın layihəsi hələ 19-cu əsrdə planlaşdırılmışdı. Tikintisinə ötən əsrin 30-cu illərində başlanılan və dəfələrlə yarımçıq saxlanılan bu layihə Ulu Öndər Heydər Əliyevin yüksək təşkilatçılıq bacarığı sayəsində ərsəyə gətirilib. Əminəm ki, məhz Prezident İlham Əliyev də Zəngəzur dəhlizini o cür reallaşdıracaq. Ümid edirik ki, BAM-dan təqribən 102 dəfə qısa olan bu dəmir yolunun çəkilməsi üçün Rusiya da özünün bütün təsir imkanlarını işə salacaq”.
S.Alıyev xüsusilə qeyd edib ki, Azərbaycan cəmiyyətində Rusiyaya artıq Minsk qrupunun digər həmsədrlərindən daha müsbət yanaşılır: “Çünki Rusiya ABŞ və Fransadan fərqli olaraq, torpaq bütünlüyümüzü tanıdığını açıq şəkildə dilə gətirib. Özünün hərbi kontingentini vaxtından əvvəl Qarabağdan çıxarmağa başlaması isə sözdə deyilənlərin əməldə də sərgilənməsidir. Əlbəttə, bu, Azərbaycanın yaratdığı reallıq və atdığı addımların nəticəsidir ki, onların da arasında bir daha vurğulayıram, ötən il bu gün baş verənlər, eləcə də ötən il sentyabrın 19-20-də keçirilən lokal antiterror tədbirləri həlledici rol oynayıb”.
Deputat bildirib ki, Azərbaycan öz torpaqları üzərində suverenliyini tam təmin etməkdə qərarlılığını və bunun üçün bütün risklərə hazır olduğunu göstərdi: “Xatırlayırsınızsa, regionda “qırmızı xətt” çəkənlərdən tutmuş, onların “şeytan” adlandırdıqlarınadək bütün yırtıcılar ayağa qalxaraq, geriyə addım atmamızı istədilər. Amma unudurdular ki, iradə dəmirdirsə, verilən əmrdirsə, o, heç vaxt geriyə oxunmur. Həmin dəmir iradəlinin ötən il bu gün verdiyi əmrin nəticəsidir ki, Rusiya hərbi kontingenti Qarabağı vaxtından əvvəl tərk etdi. Elə Qazaxın dörd kəndinin geri qaytarılmasında da ötən il bu gün atılan addımın rolu az deyil”.
S.Alıyev deyib ki, Qədim Çin mütəfəkkiri və strateqi Sun Tsızı hərb sənətində yüz döyüşdən yüzündə də zəfər çalmağı zirvə saymadığını, zirvənin məqsədinə döyüşsüz çatmaq olduğunu bildirirdi. Müzəffər Ali Baş Komandanımız sözügedən dörd kəndimizi, onlardan da qabaq Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz geri qaytarmaqla iki dəfə məhz belə bir örnək ortaya qoyub. Bu, əslində təkcə Ermənistan üzərində yox, həmçinin beynəlxalq hüququn ancaq özləri istəyəndə işləməsinə, digər hallarda BMT-nin bizə bəlli 4 qətnaməsi kimi yerinə yetirilməməsinə göz yumanların üzərində qələbəsidir.