Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı keçirilir

Türk Dövlətləri Təşkilatının kosmik agentlik rəhbərlərinin üçüncü toplantısı işə başlayıb. Toplantı Mərkəzi Asiya regionunun kosmik oyunçularının iştirakı ilə artıq üçüncü dəfə keçirilən Kosmik Texnologiyalar Konfransı (STC2024) çərçivəsində baş tutub.

QİA.az xəbər verir ki, bu barədə “Azərkosmos”dan AZƏRTAC-a bildirilib ki, Türkiyə Kosmik Agentliyinin ev sahibliyi ilə keçirilən toplantıda Türk Dövlətləri Təşkilatına üzv olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və müşahidəçi ölkə Macarıstan iştirak edir. Məqsəd türk dövlətləri arasında kosmik sahədə müştərək layihələri dəstəkləmək və qarşılıqlı əlaqələrin inkişafı üçün birgə fəaliyyət istiqamətlərini müəyyənləşdirməkdir.

Toplantının gündəliyinin əsas mərkəzində kosmik fəaliyyətin davamlılığı üçün əməkdaşlığın vacibliyi dayanıb.

“Azərkosmos”un sədri Saməddin Əsədov toplantıda çıxış edərək ölkəmizin türk dövlətlərinin kosmik nümayəndələrinin Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresində təmsil olunmasının önəmini vurğulayaraq kosmik arenada elm, biznes və innovasiya üzrə birgə səyləri davam etdirməyə hazır olduğumuzu qeyd edib. Toplantıda Azərbaycanın Türkiyə və Qazaxıstanla birgə optimal büdcəyə malik “CubeSat” (Kub peyk) peyk layihəsinin həyata keçirilməsinə hazır olduğu bildirilib. Peyk texnologiyasının hazırlanması və inkişafı üzrə təcrübəyə malik bu ölkələr arasında bilik mübadiləsinin aparılması, həmçinin gələcəkdə yaradılacaq “CubeSat” peyklərindən kosmik təsvirlər əldə etməklə regionda iqlim dəyişikliyinin monitorinqi üçün birgə istifadəsi də nəzərdə tutulub.

Bununla yanaşı, “CubeSat” layihəsi çərçivəsində peyklərə karbon və metan qazlarının monitorinqi üçün sensorların əlavə olunması təklif olunub. Həmçinin toplantıda iştirak edən kosmik ictimaiyyət bu il ölkəmizdə keçiriləcək COP29 iqlim konfransına dəvət olunub.

Daha sonra universitetlərdə elmin inteqrasiyası və mübadiləsi ilə bağlı kosmik məsələlərdə tədqiqat və tərəqqini artırmaq üçün praktik platformaların inkişaf etdirilməsi diqqətə çatdırılıb.

Toplantının sonunda Mərkəzi Asiyanın kosmik simalarının bir araya gəldiyi Kosmik Texnologiyalar Konfransının gələn il Bakıda keçiriləcəyi elan olunub. Paytaxtımızın kosmik sahədəki qlobal tədbirə ev sahibliyi etmək kimi təcrübəyə malik olması gələn il Türk Dövlətləri Təşkilatının kosmik agentliklərinin növbəti görüşünün də Bakıda keçirilməsinə imkan verir.

Oxşar Xəbərlər