Energetika Nazirliyində Azərbaycan Hökuməti və Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclası çərçivəsində ölkəmizdə səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
QİA.az xəbər verir ki, bu barədə Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, energetika nazirinin müavinləri Kamal Abbasovun və Orxan Zeynalovun iştirakı ilə keçirilən görüşdə Azərbaycan və Macarıstanın strateji tərəfdaş ölkələr olduğu vurğulanıb, digər sahələrdə olduğu kimi energetika istiqamətində əməkdaşlığın uğurları qeyd edilib. Macarıstan şirkətlərinin ölkəmizdəki enerji layihələrində iştirakından bəhs edilib.
Qonaq mövcud əməkdaşlığın Macarıstanın enerji təhlükəsizliyinə töhfə verdiyini bildirərək, Azərbaycandan tədarük olunan qazın həcminin artırılmasında ölkəsinin maraqlı olduğunu qeyd edib.
“Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizinin yaradılması çərçivəsində nazirlərin görüşlərində verilmiş qərarların icrası nəzərdən keçirilib. Eyni zamanda, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan ötürücü sistem operatorları arasında birgə müəssisənin təsis edilməsinin sürətlənməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Energetika Nazirliyinin aparatı ilə yanaşı, nazirlik yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, nazirliyin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi və SOCAR-ın nümayəndələrinin iştirak etdiyi görüşdə Azərbaycanla Macarıstan arasında enerji əməkdaşlığından irəli gələn bir sıra digər məsələlər də müzakirə olunub.