“Sabah”ın baş məşqçisi: Azərbaycanı Avropada ən yaxşı formada təmsil etməkdən qürur duyacağıq

Azərbaycanı Avropada ən yaxşı formada təmsil etməkdən qürur duyacağıq və buna hazır olduğumuzu düşünürəm.

QİA.az xəbər verir ki, bunu “Report”a “Sabah”ın U-19 komandasının baş məşqçisi Adino Mustedanaqiç deyib.

Gənclər Liqasında mövsümün sonuna 2 tur qalmış çempionluğunu təmin edən paytaxt təmsilçisinin çalışdırıcısı maraqlı futbol ilinə şahidlik etdiklərini bildirib: “Bir çox fərqli rəqiblər var idi. Mən həm U-19-un baş məşqçisi, həm də akademiyanın koordinatoru idim. Bir növ spesifik iş oldu. Çempionluq uzun müddətli işin nəticəsi olaraq gəlir. Xoşbəxtik ki, komandadakı bir çox oyunçu akademiyadan gəlir. Bunda yaxşı skautinqin də rolu var”.

41 yaşlı xorvatiyalı mütəxəssis bəzi hədəflərinə çatdıqlarını söyləyib: “U-19 liqasını qazanmaq və Akademiyanın hazırda olduğu situasiyanı nəzərə alsaq ortamüddətli hədəflərimizə çatmışıq. Hansı ki, 4 il əvvəl bunun üçün işə başlamışdıq. Artıq klub spesifik bir nöqtəyə gəlib. Hədəflərimizi yeniləyə bilərik. Hansı ki bizi uzunmüddətli hədəflərimizə daha da yaxınlaşdıra bilər. Təbii ki, uzunmüddətli hədəf mümkün olan ən yaxşı Akademiyaya çevrilmək və əsas komandaya futbolçular qazandırmaqdı”.

U-19-un baş məşqçisi Azərbaycanı UEFA Gənclər Liqasında layiqincə təmsil etmək istədiklərini deyib: “Hər komanda Avropada çıxış etməyi arzulayır. Təbii ki, məsuliyyətimizi anlayırıq. Amma real yanaşsaq, bəzi oyunçularımız üçün bu, Avropada oynamaq baxımından ilk təcrübə olacaq. Onlardan istəyimiz maksimumlarını ortaya qoymaq və Azərbaycanı ən yaxşı şəkildə təmsil etməkdir”.

A.Mustedanaqiç “Sabah”ın əsas komandasının heyətinə U-19-dan futbolçu göndərdiklərini bildirib: “Artıq 3-4 oyunçu vermişik. Bəziləri əsas komandada məşq edir, bəziləri ehtiyatda olur. Hətta meydana çıxanlar belə var. Bu, klubun strategiyasını göstərir. Akademiya klubun və əsas komandanın planlarının daxilində deyilsə, U-19 Liqasını qazanmaq, yaxşı akademiya olmaq, əsas komandaya oyunçu vermək mümkün deyil. Əsas komanda və akademiyanın aydın planı olduqda akademiya öz hədəflərini anlaya bilir. Əsas komandaya daha çox oyunçu qazandırmağı səbirsizliklə gözləyirik. Gənc oyunçular “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç üçün çox maraqlıdırlar. Hətta bir neçə oyunu da izləməyə gəlib. Bəzi futbolçular haqqında danışmışıq. 4 gənc oyunçunu məşqlərə dəvət edib. Təbii ki, indi mövsümün ən gərgin hissəsidi. Amma danışmışıq ki, mövsüm bitəndən sonra gənc oyunçular barədə planlaşdırma aparaq”.

Oxşar Xəbərlər