Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) keçiriləcək.
DİM-dən QİA.az-a bildirilib ki, respublikanın 7 şəhər və rayonunda – Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda keçirilən imtahan ümumilikdə 78 binada təşkil ediləcək.
İmtahanda 19716 nəfərin iştirakı gözlənilir. Onlardan 18420 nəfəri Azərbaycan bölməsi, 1296 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 12454-ü cari ilin, 7262-si isə əvvəlki illərin məzunlarıdır, 45 nəfər xarici ölkə vətəndaşıdır. Bakıda 14573, Naxçıvanda 536, Gəncədə 1310, Sumqayıtda 1358, Abşeronda 964, Mingəçevirdə 581, Lənkəranda 394 bakalavrın imtahan verəcəyi gözlənilir.
Bu imtahanda 11 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) bakalavr da iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.
Qəbul imtahanı Bakıda 56, Sumqayıtda 5, Abşeronda 4, Gəncədə 6, Naxçıvanda 2, Mingəçevirdə 3, Lənkəranda 2 binada təşkil edilir. İmtahanın idarə olunmasına 78 ümumi rəhbər, 218 imtahan rəhbəri, 1799 nəzarətçi-müəllim, 264 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb edilib.
İmtahan bütün binalarda saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.