“Şəki Agro” Suvarma Sistemlərinin açılış mərasimi keçirildi

“Şəki Agro” Suvarma Sistemləri Şəki şəhərində bir sıra dövlət və özəl qurum nümayəndələrinin iştirakı ilə müasir avadanlıqlar və innovativ məhsulların təqdimatı ilə açılışını reallaşdırıb.

QİA.az xəbər verir ki, mərasimdə çıxış edən Şəki şəhər İcra Hakimiyyəti başçısının müavini Elman İmamverdiyev belə bir açılışın bölgə üçün əhəmiyyətinə toxunaraq, fermerlərin müasir suvarma sistemləri əldə etməsinin əlçatanlığını diqqətə çatdırıb.

“Şəki AGRO” MMC-nin təsisçisi Xanoğlan Ramazanov mağazada dünyanın tanınmış şirkətlərinin istehsalı olan damcılama, yağmurlama, avtomatik suvarma və ağıllı gübrələmə sistemlərinin satışda yer aldığını vurğulayıb. O, əlavə edib ki, fermerlər suvarma sistemlərində 20 faiz ilkin ödəniş etməklə Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) tədbiq etdiyi alış məbləğinin 40 %-i miqdarında dövlət subsidiyası və geri qalan 40 % -i miqdarında isə faizsiz kreditdən yararlana bilərlər. İş adamı, professor Sakit Səmədov, AKİAB-ın təsisçisi Şirin Şərifov çıxış edərək “Şəki Agro”ya uğurlar diləyiblər.

Daha sonra isə “Şəki Agro”nun ilk müştərilərindən olan, ölkədə qabaqcıl ekoturizm məkanı – “Bio Garden”in rəhbəri Etibar Nuriyev çıxış edərək “Şəki Agro”nun yüksək keyfiyyətli xidmətlərindən bəhs edib və digər fermerləri də bu məhsul və xidmətlərdən yararlanaraq suvarma və gübrələmə xərclərinə qənaət edəcəklərini, həmçinin məhsuldarlığı ikiqat artıra biləcəklərini qeyd edib.Açılışı bildirən lent kəsildikdən sonra tədbirə təşrif buyuran dövlət və özəl qurumların nümayəndələri “Şəki Agro”dakı şəraitlə tanış olublar.

Oxşar Xəbərlər