Aprelin 29-da Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
QİA.az xəbər verir ki, bu barədə BMTM-dən AZƏRTAC-a verilən məlumata görə, qurumun İdarə Heyətinin sədri Fərid Şəfiyev Malayziyanın regional və qlobal səviyyədə artan əhəmiyyəti barədə danışıb. O, Malayziyanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı hər zaman prinsipial mövqe sərgilədiyini və BMT Təhlükəsizlik Şurası, BMT-nin digər institutları, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla, beynəlxalq platformalarda bu dəstəyi ifadə etdiyini qeyd edib.
F.Şəfiyev qonaqlara regional dinamika, Ermənistanla münasibətlərin hazırkı səviyyəsi, normallaşma prosesi, eləcə də BMTM-in fəaliyyəti barədə məlumat verib.
Öz növbəsində Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqal isti qarşılanmaya görə təşəkkürünü ifadə edib. O, regional və qlobal əhəmiyyətli məsələlərin müəyyənləşdirilməsi, habelə xarici siyasət tövsiyələrinin hazırlanmasında BMTM-in rolunun vacibliyini vurğulayıb.
Malayziya Parlament Senatının prezidenti münaqişə səhifəsinin çevrilməsindən sonra regional əməkdaşlıq üçün yaranan imkanları yüksək qiymətləndirdiyini diqqətə çatdırıb.
Azərbaycanın strateji coğrafi mövqeyini vurğulayan Parlament Senatının prezidenti ölkəmizin orta güc kimi artan roluna diqqət çəkib.
“Malayziyanın hər zaman Azərbaycanla yaxın münasibətləri olub. Hər iki xalq qarşılıqlı maraq doğuran çoxsaylı məsələlər üzərində sıx şəkildə çalışır”, – deyə o bildirib.
Qonaq, həmçinin iki dövlətin beynəlxalq platformalardakı fəal əməkdaşlığına da diqqət çəkib.
Sonda Malayziyadan olan nümayəndə heyətinə Azərbaycanın tarixi, cari regional vəziyyət, enerji və nəqliyyat layihələri barədə qısa təqdimat göstərilib.
Müzakirələr beynəlxalq dinamikaların müxtəlif aspektlərini əhatə edən mövzular üzrə fikir mübadilələri ilə davam etdirilib.