Bakı Dövlət Universitetində (BDU) Karyera Festivalı çərçivəsində “Yüksəliş” müsabiqəsinin qalibi olan BDU məzunları ilə tələbələrin görüşü keçirilib.
QİA.az xəbər verir ki, bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.Görüşdə birinci “Yüksəliş” müsabiqəsinin qalibi, Ali Məhkəmənin İnzibati işlər üzrə sektor müdiri Ləman Qafarzadə, ikinci “Yüksəliş” müsabiqəsinin qalibi, Dövlət Turizm Agentliyinin Təhsil və təlim sektorunun müdiri Arzu Tairquliyeva-Nağıyeva, üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı ölkə ofisinin kommunikasiya eksperti Azad Qəribov, həmçinin BDU-nun 40 il öncəki məzunu, Elm və Təhsil Nazirliyinin akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun aparıcı elmi işçisi, dosent Elmira Ağayeva iştirak ediblər.“Mən tələbə olsaydım” konsepti ilə başlayan görüşdə qonaqlar tələbəlik illəri, keçdikləri təcrübə, qarşılaşdıqları çətinliklər və motivasiyanın yaradılma üsullarından söz açıblar. Onlar tələbələrə uğursuzluqlardan çəkinməməyi, yalnız irəliyə, yüksəlişə doğru getməyi tövsiyə ediblər.
Qonaqlar, həm də zamanın tələblərinin dəyişdiyini və dövrün daha geniş imkanlar vəd etdiyini diqqətə çatdırıblar. Qeyd edilib ki, bunun üçün yeniliklərə açıq olmaq, xüsusən də ali təhsil dövründə dərslərlə yanaşı, tədrisdən kənar fəaliyyətlərlə məşğul olmaq, bacarıqları formalaşdırmaq lazımdır: “Necə deyərlər, gələcək bu gündən ona hazırlananlara aiddir”.
Görüş interaktiv formada davam edib.