Dövlət Xidməti: “Tarixi qüllənin yaxınlığındakı qanunsuz tikintinin sökülməsi tələb olunub”

“Didivan qülləsi Qazax rayonunun Xanlıqlar kəndində yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsidir”.

QİA.az xəbər verir ki, bunu Oxu.Az-ın sorğusuna cavab olaraq, Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildiriblər.

Qeyd olunub ki, tarixi abidənin yaxınlığında tikinti işləri bir neçə il öncə aparılıb. Aparılan qanunsuz tikinti işləri müəyyən olunaraq dayandırılıb.

“2021-ci ildə tarixi abidənin yerləşdiyi ərazinin özəlləşdirilməsi ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət daxil olub. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ölkə əhəmiyyətli tarixi abidələrin xüsusi mülkiyyətə verilməsinin, eləcə də əhəmiyyət dərəcəsindən asılı olmayaraq bütün abidələrin görkəmini və daxili quruluşunu pozmaq, onların mədəni, tarixi dəyərinə xələl gətirə biləcək hər hansı hərəkət etməyin qadağan olduğu diqqətə çatdırılıb.

Müraciətdə qeyd olunan işlərinin aparılması qanunvericiliyin tələblərinə zidd olduğundan sözügedən məsələyə razılıq verilməyib. Ərazidə qanunsuz aparılan tikintinin də sökülməsi tələb olunub. Məsələ diqqətdə saxlanılır”.

Qeyd edək ki, sözügedən qülləyə qanunsuz müdaxilə ilə bağlı sosial mediada görüntülər yayılmışdı.

Oxşar Xəbərlər