Bakı metropolitenin “Neftçilər” stansiyasının platforması və hər iki yolunda yeni, müasir və qənaətcil işıq panelləri quraşdırılıb.
QİA.az “Bakı Metropoliteni” QSC-yə istinadla verdiyi məlumata görə, əvvəlki işıqlanma sistemi hərəkətin təşkili prinsiplərinə və infrastruktur tələblərinə tam cavab vermədiyi və enerji sərfiyyatına mənfi təsir edərək, qulluğu da çətinləşdirdiyi üçün yenilənməsi dövrün tələbinə çevrilmişdi.
Stansiyada quraşdırılan yeni LED lampalar elektrik enerjisinə sərfiyyat səmərəsi və qənaətcilliyi ilə yanaşı, stansiyanın optimal işıqlandırılmasına xidmət edir və memarlıq ansamblını daha da bariz nəzərə çarpdıraraq, estetik görkəminə əlavə rəng çaları qatır.
İşlər hərəkət təhlükəsizliyi və sərnişindaşıma qaydalarına maneə törətmədən müvəqqəti işıqlanma təmin edilməklə, əsasən, gecə növbələrində görülüb. Stansiya yollarında istismar müddətini başa vurmuş 36 Vt-lıq 136 (hər yol üzrə 68) çıraq əvəzinə 20 Vt-lıq 34 lampa qoyulub. Platformanın orta zalından hərəsinin daxilində 36 Vt-lıq 2 lampa olmaqla, ümumilikdə, 340 çıraq sökülüb və əvəzinə 48 Vt-lıq 102 led panel quraşdırılıb. Bu işlər çərçivəsində işıqlanma sisteminin bütün xətləri texniki təhlükəsizlik tələblərinə əməl olunmaqla dəyişdirilib.
İşıqlandırma sisteminin dəyişdirilməsi yeniləşmə tədbirlərinə ehtiyac duyulan digər stansiyalarda müvafiq plan üzrə davam etdiriləcək. Ötən il başlanan prosesə uyğun olaraq 5 stansiyada eyni qaydada aparılan işlər tamamlanıb.