İran ələ keçirdiyi “MSC Aries” gəmisinin ekipajını azad edib

Cari ilin aprel ayının ortalarında Hörmüz boğazında İran hərbçiləri tərəfindən ələ keçirilən “MSC Aries” konteyner gəmisinin ekipajı sərbəst buraxılıb.

QİA.az məlumat verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian estoniyalı həmkarı Marqus Tsahkna ilə telefon danışığında deyib.

“İran humanitar nöqteyi-nəzərdən bütün ekipajı azad edib. Gəminin kapitanı onları müşayiət edərsə, onlar öz ölkələrinə, o cümlədən Estoniyaya qayıda bilərlər”, – deyə İran XİN-nin teleqram kanalında dərc olunan bəyanatında deyilir.

İran Xarici İşlər Nazirliyinin rəhbəri aydınlıq gətirib ki, “MSC Aries” ölkənin ərazi sularında radarını söndürüb və bununla da dəniz naviqasiyasını təhlükə altında qoyub.

Qeyd edək ki, gəminin göyərtəsində Estoniya, Hindistan, Filippin, Pakistan, eləcə də Rusiya vətəndaşları olub.

Oxşar Xəbərlər