Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib

Çin Ayın görünməyən tərəfindən nümunələr toplamaq və onları Yerə gətirmək üçün “Çanye-6” kosmik cihazı orbitə çıxarıb.

QİA.az xəbər verir ki, kosmik aparatı orbitə aparan “Böyük yürüş-5” (Long March-5) daşıyıcı raket mayın 3-də yerli vaxtla saat 17:30 radələrində ölkənin cənubundakı Haynan adasında yerləşən Vençan kosmodromundan buraxılıb. Bu, bəşəriyyət tarixində Ayın Yerdən görünməyən tərəfindən torpaq və qaya nümunələr gətirmək üçün göstərilən ilk cəhddir.

Çin Dövlət Kosmos Agentliyi missiyanın təxminən 53 gün davam edəcəyini planlaşdırıb. Enmə-qalxma modulunun Güney qütbü-Eytken hövzəsinə enməsi nəzərdə tutulub. Bu, Ayın səthində, ümumilikdə Günəş sistemində krater zərbəsi nəticəsində yaranmış ən qədim, ən böyük və ən dərin hövzədir. Həmin ərazidən götürüləcək nümunələr Ay haqqında yeni məlumat əldə etməyə imkan verəcək.Çinin Ayın tədqiqi proqramının baş dizayneri U Veyren bildirib ki, dünyada ilk dəfə 2019-cu ildə “Çanye-4” aparatının Ayın görünməyən tərəfinə yumşaq eniş etməsinə baxmayaraq, sərt səth “Çanye-6”nın enişi üçün böyük çətinliklər yarada bilər. “Çin kosmos elməri və texnologiyaları” korporasiyasının eksperti Den Siancin “Çanye-6”nın Ayın səthindən təxminən 2 kiloqram nümunə gətirməsinin planlaşdırıldığını deyib.

Qeyd edək ki, 2020-ci ildə “Çanye-5” kosmik aparatı Ayın yaxın tərəfindən nümunələr gətirib. Çin 2030-cu ilə qədər öz astronavtlarını Aya yerləşdirməyi hədəfləyir.“Çanye-6” missiyasını orbitə çıxaran iri “Böyük yürüş-5” daşıyıcı raketi 25 ton yükü Yer orbitinə, 14 ton yükü geostasionar orbitə, 8 ton yükü isə Yer-Ay keçid orbitinə aparmaq gücünə malikdir.

Oxşar Xəbərlər