Mayən 3-də Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə Bakı şəhər məktəbliləri arasında hərbi bilik yarışının final mərhələsi keçirilib. Finalda 12 komanda iştirak edib.
QİA.az xəbər verir ki, bu barədə Dövlət Xidmətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, Təlimə Dəstək Mərkəzinin direktoru Anar Mustafazadə və mərkəzin metodisti Qılman Eyvazov yarış iştirakçılarına uğurlar arzulayıblar.
Sonra çağırışaqədərki hazırlıq fənni üzrə 10-cu sinfin tədris proqramı əhatə olunmaqla hərbi sahəyə dair məntiqə əsaslanan, gəncləri düşündürməyi bacaran, gələcək həyatlarında onlara lazım olacaq bilikləri özündə əks etdirən 25 sual təqdim edilib və yarışın qalibləri müəyyən olunub.
Birinci yeri 80 nömrəli tam orta məktəbin, ikinci yeri 220 nömrəli məktəb-liseyin, üçüncü yeri isə 55 nömrəli tam orta məktəbin komandaları tutublar.
Qalib komandalar və həmin təhsil müəssisələrinin çağırışaqədərki hazırlıq rəhbərləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən diplomla mükafatlandırılıblar.
Yarışın bağlanış mərasimində çıxış edən Füzuli İsmayılov Dövlət Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq postmüharibə dövründə gənclər arasında vətənpərvərlik hisslərinin təbliği, təhsil müəssisələrində vətəndaşlara çağırışaqədərki hazırlıq fənni üzrə dərslərin keyfiyyətli tədrisinə yaxından kömək göstərilməsi və çağırışaqədər yaş həddində olan vətəndaşların Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmətə hazırlanması məqsədilə belə platformaların əhəmiyyəti barədə məlumat verib.