Həbsdə olan generalın müraciəti geri qaytarıldı

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı məhkəməyə müraciət edib.

QİA.az APA-ya istinadən xəbər verir ki, bu gün Xəzər rayon Məhkəməsində keçirilən prosesdə Elçin Quliyevin məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı müraciətinin geri qaytarıldığı bildirilib.

Buna səbəb kimi onun ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi göstərilib. Qeyd olunub ki, qanuna əsasən, ciddi rejimli müəssisədən məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülmə mümkün deyil.

Qeyd edək ki, Elçin Quliyev 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə general 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun rütbədən məhrum edilməsi barədə ölkə Prezidentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edib.

E.Quliyevə qarşı Dövlət Təhlükəsizliyi Xidmətinin yeddi milyon manatlıq mülki iddiası təmin olunub. Təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib.

Oxşar Xəbərlər