Fidan Hacıyevanın I Beynəlxalq Opera Festivalının yeddinci gününün konserti mayın 3-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə İtaliya, Rusiya, Gürcüstan və Azərbaycandan opera ifaçıları iştirak ediblər. Onların arasında Azərbaycanın Xalq və Əməkdar artistləri, o cümlədən Fidan Hacıyeva, Cahangir Qurbanov, Samir Cəfərov, Anar Şuşalı, Fəridə Məmmədova, Səbinə Vahabzadə, Anton Ferştandt, İlahə Əfəndiyeva, Gülnaz İsmayılova, Ramil Qasımov, İnarə Babayeva, Fərid Əliyev, Adil Axundov, eləcə də respublika və beynəlxalq vokal müsabiqələrinin laureatları Taleh Yəhyayev, Atəş Qarayev, Mahir Tağızadə olublar. Çıxışları Cemal Reşit Rey adına simfonik orkestrin baş dirijoru və Cemal Reşit Rey konsert zalının (Türkiyə) bədii rəhbəri Murat Cem Orxanın idarəçiliyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri müşayiət edib.
Anşlaqla keçən “Viva-Opera!” konsertində Azərbaycan və xarici ölkə bəstəkarlarının klassik əsərləri səsləndirilib.
QİA.az xəbər verir ki, Təntənəli tədbir başa çatdıqdan sonra AZƏRTAC-ın müxbiri festivalın əcnəbi iştirakçıları ilə söhbət etmək və onların bu tədbirlə bağlı fikirlərini öyrənmək fürsəti əldə edib.
Murat Cem Orxan (Türkiyə): “Belə gözəl tədbirdə iştirak etməklə, öz ölkəmi təmsil etmək fürsəti qazandım. Festival başlanandan bitənə qədər mənə doğma ev hissini yaşatdı. Buna görə çox minnətdaram. İlk dəfədir Azərbaycanda, Bakıdayam. Bakıda orkestrlə ilk dəfə idi konsert keçirirdim, bu, çox maraqlı idi. Qardaş xalqın kollektivi ilə birgə çıxış etməkdən çox xoşbəxtəm”.
Ripalta Bufo (İtaliya): “Burada ifa etmək mənim üçün böyük zövqdür. Azərbaycana ilk dəfə gəlirəm. Dəvətə görə Fidan xanıma minnətdarlığımı bildirirəm. Mən elə həyəcanlı, elə şadam ki, biz burada, bu festivalda musiqinin gücünü hiss edə bilirik. Mən Gəncədə də oldum, orada çıxış etdim. Azərbaycanda olmaq çox xoşuma gəlib. Bilirsiniz, italyanlar və azərbaycanlılar çox oxşardırlar. Mən burada özümü çox yaxşı hiss edirəm”.
Giorgi Çelidze (Gürcüstan): “Mən Bakıya həmişə məmnuniyyətlə gəlirəm, sanki mənim doğma şəhərimdir. Burada çoxlu dostlarım var. Burada həmişə çox yaxşı tədbirlər – konsertlər, festivallar keçirilir. Bu festival da çox yüksək səviyyədə keçdi. Mən hər kəsi təbrik edirəm. Belə tədbirin təşkilinə görə Fidan xanıma təşəkkürümü bildirirəm. Festivala uzun ömür arzulayıram!”
Vyaçeslav Vasilyev (Rusiya): “Bu festival əsl bayram idi və çox parlaq təəssüratlar yaratdı. İndiyədək mən Bakıda bir dəfə olmuşam, tamaşada iştirak etmişəm. Məni bu festivala dəvət edəndə böyük məmnuniyyətlə bu təklifi qəbul etdim. Bakı mənim üçün, Peterburqdan olan insan üçün xüsusi şəhərdir: burada günəşlidir, yaşıllıqdır, şəhər özünəməxsusluğu ilə seçilir. Festivaldan, səfərdən gözəl təəssüratlarım var”.
I Beynəlxalq Opera Festivalı Azərbaycanın Xalq artisti Fidan Hacıyevanın təşəbbüsü ilə təşkil olunub və aprelin 27-dən mayın 3-dək keçirilib. Festivalın konsertləri Bakıda və Gəncədə böyük uğurla keçib. Müxtəlif məkanların səhnəsinə həm tanınmış əcnəbi və Azərbaycan ifaçıları, həm də yeni addımlar atmağa başlayan opera müğənniləri, eyni zamanda, 4-14 yaşarası gənc istedadlar çıxıblar.
Mədəniyyət hadisəsinin təşkilatçısı, Azərbaycanın Xalq artisti Fidan Hacıyevanın sözlərinə görə, festival maraqlı keçərək bütün ümidləri və gözləntiləri tam doğruldub. “Bizə kömək edən və bizi dəstəkləyən bütün dostlara, bütün artistlərə, konsertlərimizə gələn bütün tamaşaçılara təşəkkür edirəm”, – deyə Fidan xanım əlavə edib.