Pasxa bayramı Qəbələnin Nic qəsəbəsində dini konfessiyaların nümayəndələrinin iştirakı ilə qeyd edilib

Ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların nümayəndələri Pasxa bayramı münasibətilə Qəbələnin Nic qəsəbəsində bir araya gəliblər.

QİA.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Alban-udi xristian dini icmasının birgə təşkilatçılığı ilə Cotari kilsəsində dini konfessiyaların nümayəndələrinin birgə dini ayini təşkil edilib. Azərbaycanda yaşayan müxtəlif dinlərin nümayəndələri ölkəmizin birlik və bərabərliyi üçün dualar edib, şəhidlərin xatirəsini rəhmətlə anıb, qazilərə şəfa diləyiblər.

Sonra şamlar yandırılıb, birgəyaşayış mövzusunda sərgiyə baxış keçirilib.Alban-udi xristian dini icmasının sədri Robert Mobili bildirib ki, Azərbaycan ərazisindəki bütün ibadət yerləri dini mənşəyindən asılı olmayaraq cəmiyyətimizin çoxmillətli və multikultural xarakterini əks etdirən zəngin mədəni və dini irsimizin nümunələridir. Dövlətimiz hər bir dini ibadət yerini ayrı-seçkilik etmədən qoruyur və inkişaf etdirir.

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Pasxa bayramı münasibətilə təbriklərini çatdırıb, ölkəmizdə xalqların birgəyaşayışının tarixi ənənələrə söykəndiyini, bütün millətlərin və dinlərin nümayəndələrinin birlik və bərabərlik şəraitində yaşadıqlarını diqqətə çatdırıb.

Qeyd edib ki, dünya bu birlik və həmrəyliyi Vətən müharibəsi günlərində bir daha gördü.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov dini konfessiyaların, icmaların üzvlərinin iştirakı ilə Pasxa bayramının Nic qəsəbəsində qeyd edilməsinin əlamətdar hadisə olduğunu vurğulayıb.

Bildirib ki, Nicdəki tolerantlıq mühiti Azərbaycandakı dini həmrəyliyin bariz nümunəsidir.Digər konfessiyaların üzvləri də çıxışlarında tolerantlığın Azərbaycanda həyat tərzi olduğunu, ölkəmizdə fəaliyyət göstərən bütün dini konfessiyaların nümayəndələrinin bir ailə kimi yaşadıqlarını diqqətə çatdırıblar.

Sonda məbədin həyətində bayram süfrəsi açılıb. Süfrəyə Pasxa bayramının rəmzi olan kuliç və digər bayram nemətləri düzülüb, mahnılar ifa olunub.Tolerantlığın bariz nümunəsi olaraq xristianlarla yanaşı, müsəlmanlar da bayram tədbirində iştirak ediblər.

Oxşar Xəbərlər