Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib-FOTO

Mayın 7-də Heydər Əliyev Mərkəzində “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Azərbaycan-Türkiyə: Ortaq Yüzüncü il” Platformasının sədri Elmin Sadıqov tədbirin Ulu Öndər Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin qurulmasının 101 illiyinə həsr edildiyini söyləyib. Türkiyə ilə Azərbaycan arasında münasibətlərdən danışan E.Sadıqov ölkələrimizin bir-birinə sarsılmaz tellərlə bağlı olduqlarını deyib. Bildirib ki, Azərbaycan-Türkiyə əlaqələri müasir dünya liderləri Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə yüksələn xətlə inkişaf edir.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Ulu Öndər Heydər Əliyev istər fərqli siyasi-ideoloji mühitin, o cümlədən sərt qadağaların mövcud olduğu SSRİ dönəmində, istərsə də Azərbaycanın mürəkkəb geosiyasi şəraitdə çoxsaylı təhdid və çağırışlarla üzləşdiyi müstəqillik dövründə türk dünyasında siyasi həmrəyliyin – milli birliyin təmin olunmasına, türk dövlətləri ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirib.

Çoxəsrlik tarixi köklərə, milli-mənəvi dəyərlərə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri müasir tariximizdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü əsasında Araz çayı üzərində inşa olunaraq əzəli Azərbaycan torpağı – qədim türk yurdu Naxçıvanla Türkiyəni birləşdirən “Ümid” körpüsü ilə yeni məzmun alıb. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illərdə “bir millət, iki dövlət” olaraq səciyyələndirdiyi Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmləndirilməsi istiqamətində prinsipial siyasət həyata keçirib, nəticə etibarilə iki qardaş ölkənin dostluq və tərəfdaşlıq əlaqələri dünyada nümunəvi xarakter alıb.

YAP sədrinin müavini qeyd edib ki, bu gün yeni reallıqlar fonunda Türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Təqdirəlayiq haldır ki, Azərbaycanın ardıcıl təşəbbüsləri ölkələrimiz arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyaraq daha da möhkəmlənməsinə xidmət edir. Xüsusilə də Azərbaycan ilə Türkiyənin sinxron fəaliyyəti Türk Dövlətləri Təşkilatının qarşıdakı müddətdə geniş təsir imkanlarına malik güc mərkəzinə çevrilməsinə əlverişli şərait yaradır.

“Bu gün iftixarla qeyd edirik ki, Azərbaycanın möhtəşəm Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsindən sonra hər iki dövlətin liderlərinin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan-Türkiyə münasibətləri tamamilə yeni bir səviyyəyə qalxıb, 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanması ilə müttəfiqlik zirvəsinə yüksəlib”, – deyə Tahir Budaqov diqqətə çatdırıb.

AMEA- nın vitse-prezidenti, akademik Gövhər Baxşəliyeva qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri dostluq və qardaşlıq prinsipinə əsaslanır, eyni zamanda, bu əlaqələrin dərin tarixi kökləri var. O, həmçinin deyib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

G.Baxşəliyeva diqqətə çatdırıb ki, ötən 101 il ərzində Türkiyə Cümhuriyyəti böyük inkişaf yolu keçərək iqtisadi-siyasi inkişafa nail olub. Tarixin sınaqlarından üzüağ çıxan Türkiyə gündən-günə inkişaf edərək bölgədə, Avropa məkanında güc mərkəzi kimi tanınır.

Tədbirdə çıxış edən energetika nazirinin müavini Orxan Zeynalov, gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, Milli Məclisin deputatları Anar İsgəndərov, Musa Qasımlı Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan dövlətinin inkişafı yolundakı misilsiz xidmətləri barədə geniş məlumat veriblər. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına xüsusi önəm verib. Bu gün Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkələrimiz mühüm uğurlara imza atıb. Çıxışçılar iki ölkə arasında münasibətlərin bundan sonra daha səmərəli, faydalı və məqsədyönlü şəkildə, uğurla davam edəcəyinə əminliklərini ifadə ediblər.

Oxşar Xəbərlər