Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkəti “Gədəbəy” yatağı ilə bağlı proqnozunu yeniləyib.
“QİA.AZ” xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilir.
Qeyd olunur ki, yatağın 2020-ci maliyyə ili ilə bağlı qızıl hasilatı proqnozu 72 min unsiyaya qədər artırılıb. Şirkətin oktyabrın 14-də açıqladığı proqnoza əsasən, bu rəqəm 68 min unsiya təşkil edirdi.
Şirkətin gözləntilərinə görə, 2020-ci ildə satış həcmləri 100 milyon ABŞ dollarına çatacaq.
Qeyd edək ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına (“Gədəbəy” yatağında) 2009-cu ildə başlanılıb. “Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan “Uğur” yatağında da hasilatla məşğuldur.