“Avroviziya-2024”ün niderlandlı favoriti dava etdiyi üçün müsabiqədən diskvalifikasiya edildi

“Avroviziya-2024” mahnı müsabiqəsinin iştirakçısı müğənni Yost Klayn rəsmən diskvalifikasiya edilib.

Bu barədə Avropa Yayım Birliyi (EBU) məlumat yayıb.

Müsabiqənin təşkilatçıları Klaynın şounun finalında iştirak etməyəcəyini təsdiqləyiblər.

“İsveç polisi cümə axşamı gecəsi Klaynın yarımfinalda çıxışından sonra baş vermiş insidentdən sonra çəkiliş qrupunun qadın üzvünün şikayətini araşdırır. Məhkəmə davam etdiyi halda onun müsabiqədə iştirakını davam etdirməsi yersiz olardı”, – deyə EBU-dan bildirilib.

Təşkilatçıların sözlərinə görə, hadisədə başqa artistlərin iştirakı olmayıb:

“Tədbirimizdə qeyri-münasib davranışa qarşı sıfır dözümlülük siyasətimiz var, yarışın bütün heyəti üçün təhlükəsiz iş mühiti təmin etməyə sadiqik. Bu baxımdan, Yost Klaynın komanda üzvünə qarşı davranışı yarış qaydalarının pozulması kimi qiymətləndirilir”, – deyə təşkilatçılar əlavə ediblər.

NOS agentliyinin məlumatına görə, mayın 10-da Klayn İsveç polisi tərəfindən dindirilib və iş prokurorluğa verilib.

Oxşar Xəbərlər