Azərbaycan və Qazaxıstan tələbə mübadiləsi həyata keçirəcək

Azərbaycan və Qazaxıstan bərabər sayda tələbə mübadiləsi həyata keçirəcək.

QİA.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Elm və təhsil komitəsinin mayın 13-də keçirilən iclasının gündəliyində müzakirəyə çıxarılıb.

Azərbaycan ilə Qazaxıstan arasında elm və təhsil sahəsində 2017-ci ildə imzalanmış əməkdaşlıq haqqında sazişə dəyişikliklərə əsasən, iki ölkə bakalavriat, magistratura, doktorantura və rezidentura proqramları üzrə 12 tələbənin mübadiləsini aparacaqlar.

Sənədin 4-cü maddəsinə görə, tərəflər hər il bakalavriat proqramları üzrə 3, magistratura proqramları üzrə 5, doktorantura proqramları üzrə 2, əsas (baza ali) tibb təhsili və rezidentura proqramları üzrə 2 tələbənin mübadiləsini həyata keçirəcəklər.

Qanun layihəsinin 6-cı maddəsinə görə, tələbə mübadiləsini qəbul edən tərəf hər il aprelin 1-dək göndərən tərəfə ixtisaslarının siyahısını təqdim edir. Göndərən tərəf isə hər il mayın 30-dan gec olmayaraq təhsil üçün namizədlərin lazımi sənədlərini göndərməlidir.

Oxşar Xəbərlər