Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare, Buxarest Universitetinin rektoru, Qara Dəniz Universitetlər Şəbəkəsinin prezidenti Marian Preda, Şəbəkənin baş katibi Eden Mamut ilə görüşüb.
Bu barədə QİA.az-a BDU-dan bildirilib. Görüşdə rektor Elçin Babayev qonaqlara BDU-nun tədris, elmi fəaliyyəti, beynəlxalq əlaqələri ilə bağlı məlumat verib. O, BDU-nun Rumıniya universitetləri ilə səmərəli, uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Rektor BDU ilə Buxarest Universiteti arasında maraq doğuran istiqamətlər üzrə ikili diplom proqramlarının təşkilinin, akademik, inzibati heyətin və tələbə mübadiləsinin aparılmasının əhəmiyyətinə toxunub. Elçin Babayev, eyni zamanda, ortaq forumların, elmi konfransların keçirilməsinin, birgə elmi qrantlara müraciət edilməsinin vacibliyini qeyd edib. O bildirib ki, BDU-nun Rumıniya universitetləri ilə “Erasmus+ KA 171” proqramı çərçivəsində uğurlu əməkdaşlığı mövcuddur və bu istiqamətdə Buxarest Universiteti ilə də faydalı əməkdaşlıq qurula bilər.
Buxarest Universitetinin rektoru Marin Perda BDU ilə ortaq layihələrə, xüsusilə müəllim-tələbə mübadiləsinin, müxtəlif sahələr üzrə elmi tədqiqatların genişlənməsinə ehtiyac olduğunu bildirib.
Görüşdə, həmçininin iki universitet arasında ikitərəfli və Qara Dəniz Universitetlər Şəbəkəsi çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.