May ayının birinci ongünlüyündən başlayaraq ölkə ərazisində havaların kəskin dəyişməsi və qeydə alınan aramsız yağıntılar çaylarda sululuq səviyyəsini artırıb. Ölkə ərazisində yağan yağışlar nəticəsində respublikanın əksər çaylarında olduğu kimi, Lənkəranın Viravul, Boladi, Girdəni və Lənkəran çaylarında sel suları müşahidə edilib.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsi tərəfindən qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində bölgəyə yağan yağış hər hansı bir təhlükə yaratmayıb. İdarə rəisi Allahyar Salayev deyib: “Mayın 10-dan başlayaraq havaların respublika ərazisində kəskin dəyişməsi nəticəsində çaylarda sululuq artıb. Bunun fəsadlar yaratmaması üçün tərəfimizdən şlüzlər, suqəbuledici qurğularda olan qapılar yuxarı qaldırıldı, müvəqqəti bəndlər yenidən açıldı ki, suyun dənizə maneəsiz axıdılması təmin edilsin. Dörd əsas çay var – Lənkərançay, Girdəniçay, Boladiçay, Viravulçay. Bütün bu çaylarda sel sularının qısa müddətdə gəlib keçdiyi müşahidə olundu. Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində Lənkəran ərazisində subasma hadisəsi baş verməyib”.
İdarə rəisi, həmçinin qeyd edib ki, suvarma dövrü başlayarkən su anbarından 1 milyon kubmetrə yaxın su istifadə olunub. Lakin yağan yağıntılar nəticəsində həmin verilən su bərpa edilib və hazırda su anbarı, demək olar, tam doludur.
Qeyd edək ki, Lənkəran ərazisində 9533 hektar suvarılan əkin sahələri mövcuddur. Onların gələcəkdə suvarma suyu ilə təmin edilməsi üçün kifayət qədər su ehtiyatı var.