Rüstəm Orucov: Dünya çempionatlarındakı final görüşlərimi xatırlayanda kədərlənirəm

“Təbii ki, cüdoçularımızın medal qazanacağını gözləyirdim. Dünya çempionatı kimi nüfuzlu turnirdə iki qızıl mükafat mənim üçün xoş sürpriz oldu”.

QİA.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında veteran cüdoçu Rüstəm Orucov Azərbaycan millisinin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatındakı çıxışını dəyərləndirərkən deyib.

33 yaşlı idmançı bildirib ki, mükafatların sayı bundan da çox ola bilərdi: “İki qızıl medal möhtəşəm nəticədir. İnanıram ki, bu tarix yenə təkrarlanacaq. Cüdoçularımızın hər biri əzmkarlıq nümayiş etdirdi. Xüsusilə Hidayət Heydərov (73 kiloqram) son bir ildə çox yaxşı formadadır. İdmançının pik formada olması üçün düzgün məşq proqramı, yaxşı psixoloq və diyetoloq çox önəmlidir. Bunların hər biri yerində olandan sonra formada qalmaq rahatdır. Azərbaycan Cüdo Federasiyası idmançıların mötəbər yarışlara düzgün formada hazırlığı üçün yüksək səviyyədə şərait yaradıb. Bunun nəticəsidir ki, komanda belə yaxşı nəticələrə imza atır. Zelim Kotsoyevin (100 kiloqram) də mundiallarda qazandığı ardıcıl nailiyyətlərə baxsaq, onun stabil çıxış edən idmançı olduğunu deyə bilərik. Düzgün məşq prosesi ilə istənilən turnirdə uğur qazana biləcək potensiala malikdir”.

O, Azərbaycanın digər cüdoçularının istənilən nəticələri əldə edə bilməməsinin səbəbinə də aydınlıq gətirib: “Əslində heç bir cüdoçumuzun zəif çıxış etdiyini düşünmürəm. Sadəcə, onlar dünya çempionatına sıradan yarış kimi yanaşırdılar. Çünki “Paris-2024” Yay Olimpiya Oyunlarına hazırlaşırlar. Əsas məqsədləri Olimpiada uğurlu çıxış etməkdir. Digər tərəfdən, çox məşq etdikləri üçün yorğun idilər. Buna görə də nəticə əldə edə bilmədilər”.

2017-cu ildə Budapeştdə, 2019-cu ildə isə Tokioda təşkil olunmuş mundialların finalında uduzan R.Orucov deyib ki, həmin görüşləri xatırlayanda kədərlənir: “Hər iki finalda yaponiyalı rəqibimə məğlub olmuşdum. Bəziləri düşünür ki, Azərbaycan cüdosunda “yapon sindromu” deyilən bir şey var. Amma bu, tamamilə səhv yanaşmadır. 2017-ci ildə qarşılaşdığım yapon rəqibimdən fiziki güc və taktika baxımdan qat-qat üstün idim. Demək olar ki, qalib gəlirdim. Dünya çempionluğuna çox yaxın idim, lakin hakimlərin haqsızlığına məruz qaldım. Rəqibə haqsız yerə xal verdilər və bir neçə gün sonra hakimlər məndən buna görə üzr istədilər. Amma artıq hər şey üçün gec idi. Həmin finalda məni sıxışdırmışdılar. Bir sözlə, bəxtim gətirməmişdi. Rəqib çempion olmamağım üçün müxtəlif yollara əl atırdı. Hər dəfə həmin final görüşü yadıma düşəndə özümü çox pis hiss edirəm. O qarşılaşmanı heç vaxt unuda bilmərəm. Çünki orada dünya çempionu olmalı idim. Hakimlərin səhvinə görə arzuma çata bilmədim və ikinci yerlə kifayətləndim. Lakin həmin vaxt gənc idim. Öz-özümə dedim ki, növbəti mundialda qalib gələcəyəm. Bu dəfə yenə bəxtim gətirmədi (gülür). 2019-cu ildə dünyanın ən güclü, məğlubedilməz cüdoçusu Şohei Ono ilə finalda üz-üzə gəldim. Boynuma alıram ki, tatamiyə çıxan kimi məni yerə yıxdı. Çünki o, tamamilə başqa səviyyədə idmançı idi. Onunla Hidayət də güləşib. Lakin bu vaxta kimi Ononu məğlubiyyətə uğradan cüdoçu ilə rastlaşmamışam. O, ikiqat Olimpiya, dəfələrlə dünya çempionu olub”.

Qeyd edək ki, Əbu-Dabidə cüdo üzrə dünya çempionatına bu gün yekun vurulacaq. Azərbaycanın 11 cüdoçu ilə təmsil olunduğu yarışda ölkəmiz iki qızıl medal qazanıb. Bu nəticədən sonra Azərbaycan yığması komanda hesabında dördüncü pilləni tutub.

Oxşar Xəbərlər