İşğaldan azad olunmuş Füzuli şəhərində Füzuli könüllülərinin təqdimatı keçirilib. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Gənclər Fondunun və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən formalaşdırılan “Qayıdış Könüllüləri” Proqramının “Füzuli Könüllüləri” qrupu ilk dəfə olaraq ərazidə fəaliyyətə başlayıb.
Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən işlərə gənc nəslin, xüsusilə də kökləri bu torpaqlara bağlı olan gənclərin daha geniş cəlb olunması çağırışına uyğun olaraq həyata keçirilən “Qayıdış Könüllüləri” proqramının əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən oradan olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində, eləcə də bölgənin zəngin tarixi-mədəni irsinin təbliğində iştirakını təşviq etmək və Böyük Qayıdış prosesinə töhfə verməkdir.
Füzuli könüllülərinin Füzuli şəhərinə təşkil olunan səfəri zamanı Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov könüllülərlə görüşərək şəhərdə aparılan bərpa-quruculuq işləri ilə bağlı məlumat verib, onlara bu nəcib işdə, gələcək fəaliyyətlərində uğurlar arzulayıb, yeni təcrübə, dünyagörüşü, sosiallaşma, uğurlu karyera yolu baxımından bu proqramın onlar üçün faydalı olacağını qeyd edib. Həmçinin görüş zamanı tərəfdaş qurumların nümayəndələri tərəfindən könüllülərə işğaldan azad olunmuş ərazilərdə, eləcə də Füzuli rayonunda könüllü fəaliyyətin təşkili və onların iştirakı ilə həyata keçiriləcək fəaliyyələr haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Füzuli Könüllülərinin bu cür səfərlərinin tez-tez təşkil olunması, eyni zamanda Nümayəndəliklə birlikdə Füzuli rayonunda müxtəlif məzmunlu, maraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Səfər zamanı könüllülər işğaldan azad olunmuş və yenidən qurulan, həyatın canlandığı Füzuli şəhəri ilə yaxından tanış olub, görülən işlər haqqında ətraflı məlumat əldə edib, həmçinin kənddə məskunlaşan uşaq, yeniyetmə və gənclərlə görüşüblər.
Qeyd edək ki, könüllülər növbəti mərhələlərdə Füzuli rayonu ərazisində müxtəlif könüllü fəaliyyətləri göstərəcək, o cümlədən tədbirlərin təşkilində iştirak edəcək, bölgəyə səfər edən yerli və xarici qonaqlarla işləyəcək, bərpa və yenidənqurma işlərinə dəstək verəcək, qayıdışa hazırlıq və məskunlaşmaya könüllü dəstəyinin göstərilməsinə cəlb olunacaqlar.